Qarabağda qondarma “seçki” oyunu sülh prosesinə zərbədir

Azərbaycanın haqq işi uğurunda mübarizəsi artıq beynəlxalq aləmdə də dəstəklənir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Ermənistan üzərindəki tarixi Qələbəsindən sonra dövlətimizin başçısına müxtəlif ölkə rəhbərlərindən ünvanlanmış təbrik məktubları da bundan xəbər verirdi. Söz yox ki, bəzi qərəzli beynəlxalq təşkilatlar, o cümlədən ikili standartlardan hələ də əl çəkməyən bir sıra qüvvələr, o cümlədən Fransa kimi ədalətsiz mövqedə olanlar Azərbaycanın şanlı Qələbəsini və Ermənistanın acınacaqlı məğlubiyyətini hələ də həzm edə bilmirlər. Ancaq fakt göz qabağındadır. İşğaldan azad edilmiş ərazilərdə başlanan genişmiqyaslı yenidənqurma və tikinti-quraşdırma işlərində dünyanın bir sıra dövlətlərinin də yaxından iştirakı ölkəmizin haqq işi uğrunda apardığı mübarizənin dəstəklənməsindən xəbər verir.

Globalinfo.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin keçirdiyi “seçki şousu”na münasibət bildirən Demokratiya və İnsan Haqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, Ermənistan acınacaqlı məğlubiyyətindən sonra hələ də işğalçılıq siyasətindən əl çəkmir, müxtəlif vasitələrlə Qarabağda gərginliyi artırır, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın tələblərinə əməl etmir, atəşkəs rejimini pozur, separatizmi dəstəkləyir. Hazırda Qarabağda 10 minə yaxın qeyri-qanuni silahlı erməni hərbçisi var ki, onlar da Ermənistan tərəfindən silahlandırılır. Qarabağ bölgəsində qondarma rejimin sentyabrın 9-da “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət Ermənistanın növbəti təxribatıdır. Bu, eyni zamanda, Azərbaycan Konstitusiyasının, qanunlarının, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Separatçıların “seçki şousu” bölgədə normallaşma və erməni sakinlərin Azərbaycan Konstitusiyası çərçivəsinə reinteqrasiya edilməsi səylərinə ciddi zərbədir. Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ölkəmizin ərazisində Azərbaycanın qanunları xaricində heç bir seçki keçirilə bilməz.

Komitə sədri bildirib ki, beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan da ərazi bütövlüyümüzü, Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb.

“Belə olan halda hansı qondarma “seçki”dən söhbət gedə bilər və ya belə bir saxta “seçki”ni digər dövlətlər niyə dəstəkləməlidir? Onu da qeyd edim ki, bu günə qədər separatçıların Qarabağda keçirdikləri seçkilər dünyanın heç bir ölkəsi, hətta işğalçı Ermənistan tərəfindən də tanınmayıb. Özünü Qarabağın rəhbəri elan etmiş Araik Harutyunyan artıq dərk etdi ki, qondarma rejim dünyanın heç bir ölkəsi tərəfindən rəsmən tanınmayıb və bundan sonra da tanınmayacaq. Ona görə də “üzüsulu” getdi. Hazırda dünyanın əksər ölkələrinin Qarabağda əmin-amanlığın yaradılmasına kömək etmək istədiyi və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atdığı bir vaxtda separatçıların yenidən “seçki şousu” göstərmələri sülh prosesinə maneə törədir”, – deyə o qeyd edib.

Ç.Qənizadə deyib ki, Azərbaycanın 30 il ərzində torpaqlarının işğal altında qalmasına rəvac verən dövlətlər bu gün də Ermənistanda revanşist qüvvələrin yetişdirilməsinə çalışır. Azərbaycan haqq-ədalət mübarizəsində qalib gəldi və Ermənistan da bu məğlubiyyətdən sonra ölkəmizin ərazi bütövlüyünü tanıdı. Lakin sülh prosesinə doğru qarşımıza çıxan maneələrin həm sayı artıb, həm də intensivləşib. Buna baxmayaraq, Azərbaycanı mövqeyindən heç bir qüvvə döndərə bilməz. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılması heç vaxt baş tutmayacaq. Təbii ki, Qarabağdakı “seçki şousu” Ermənistan və onun havadarları tərəfindən idarə edilir. Məlum olduğu kimi, tanınmamış “Dağlıq Qarabağ respublikasında” guya ötən şənbə günü keçirilən “seçkilər”də keçmiş “dövlət naziri” Samvel Şahramanyan “parlamentdə” 23 səsdən 22-ni toplayaraq “prezident” seçilib. Artıq bir sıra dövlətlər Qarabağda keçirilən “seçki”ni tanmadıqlarını bəyan ediblər. Hətta rəsmi İrəvan da Samvel Şahramanyanı “DQR prezidenti” vəzifəsinə seçilməsi münasibətilə hələ də təbrik etməyib. “Ermənistan” müxalifət blokundan olan deputat daşnak Qeqam Manukyan da Milli Assambleyanın iclasında bu barədə məlumat verib.

“Qarabağda keçirilən “prezident seçkiləri” Azərbaycan qanunlarının, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması faktıdır. Bu, bölgədə normallaşma və erməni sakinlərin reinteqrasiya edilməsi səylərinə ciddi zərbədir” – deyə Ç.Qənizadə vurğulayıb.