Millimiz rüsvayçı məğlubiyyətdən sonra niyə Bakıya qayıtmayıb? – FOTO

Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyevin 2005-ci ildə Varşavada keçirilən Polşa-Azərbaycan oyunu ilə bağlı paylaşımı maraqla qarşılanıb. Səfir 18 il əvvəlki oyundan sonra millimizlə eyni təyyarədə Bakıya qayıtdığını, o zaman komanda və məşqçi ilə yaşadığı xatirəsini qeyd edib. 

Matc.az idman portalının redaktoru İxtiyar Əsgərov Globalinfo.az-a səfirin qeyd etdiyi məlumatların doğru olmadığını bildirib:

“Vilayət Quliyevin milli komanda haqda dedikləri təpədən-dırnağa qədər dezinformasiyadır.
Milli komanda 2005-də Varşavada Polşaya 0:8 hesablı məğlubiyyətdən sonra çarter reysi ilə Bakıya yox, Nyukasl şəhərinə uçub və yenə uduzub – 0:2.
Deyir ki, təyyarədə məşqçi Diniyevlə söhbətləşib. Yalan deyir, həmin vaxt yığmanın baş məşqçisi braziliyalı Karlos Alberto Torres idi.
Tənqid et, kimdi sənə nəsə deyən? Amma düz danış da, cənab səfir!”.

Qeyd edək ki, Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində İsveçə 0:5 hesablı məğlubiyyəti sosial mediada ciddi narazılıqla qarşılanıb. Hətta ictimai nüfuzlu şəxslər də millinin və baş məşqçinin fəaliyyətilə bağlı tənqidlər səsləndiriblər.

Ayşən Mustafa

Globalinfo.az