qalibaf

Xəbər verdiyimiz kimi, İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf Bakıda səfərdədir. O, paytaxtda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının 20-ci sessiyasında iştirak edəcək. İran-ABŞ arasında əldə olunan razılaşma fonunda Qalibafın Bakı səfəri və burada verəcəyi mesajlar xüsusi diqqətlə izlənir.

Bağlı qapılar arxasında İran İslam Şurası Məclisinin sədri ilə nə kimi müzakirələr aparıla bilər?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, mövcud geosiyasi şəraitdə bu səfərin gündəliyinin təkcə parlament diplomatiyası ilə məhdudlaşmayacağı ehtimalı yüksəkdir:

elcin mirzebeyli 900x890 1

Elçin Mirzəbəyli

“Xüsusilə İran-ABŞ münasibətlərində yaranmış yeni dinamika və davam etməkdə olan qlobal geosiyasi dəyişikliklər fonunda səfər daha geniş məzmun daşıyır. İranın beynəlxalq sanksiyalardan qismən azad olunması ehtimalı yeni iqtisadi imkanlar yaradır. Bu çərçivədə enerji mübadiləsi layihələri, elektrik enerjisi sistemlərinin inteqrasiyası, sərhəd ticarəti, Xəzər hövzəsində əməkdaşlıq, sənaye və logistika layihələrinin görüşlərin praktiki gündəliyində yer tutması mümkündür. İran-ABŞ münasibətlərindəki yeni mərhələ, Azərbaycan-Ermənistan sülh prosesi, Zəngəzur istiqamətində kommunikasiya layihələri və Şimal-Cənub nəqliyyat xəttinin gələcəyi bağlı qapılar arxasında aparılan danışıqların əsas mövzuları sırasında ola bilər”.

Politoloq Zaur Məmmədov isə bildirib ki, regionda hazırda çox mühüm geosiyasi proseslər baş verir:

“Bu baxımdan İran ilə Azərbaycan arasında münasibətlərdə yeni mərhələnin formalaşdığını müşahidə edirik. Son dövrdə ikitərəfli əlaqələrdə dialoqun intensivləşməsi və qarşılıqlı təmasların artması bunu deməyə əsas verir. Eyni zamanda, Vaşinqtonla Tehran arasında son gərginliyin səngiməsi və münaqişənin genişlənməsinin qarşısının alınması, eləcə də diplomatik təmasların davam etdirilməsi regionda yeni siyasi dinamikanın yaranmasına səbəb olur. Digər tərəfdən, İranın Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Pakistan kimi ölkələrlə fəal təmasları göstərir ki, Yaxın Şərqdə yeni əməkdaşlıq formatları və geosiyasi konfiqurasiya formalaşmaqdadır”.

Zaur Memmedov pol 900x498 2

Zaur Məmmədov

Politoloq qeyd edib ki, bu proseslər fonunda Azərbaycan-İran dialoqu da vacibdir:

“Tərəflər arasında müzakirə olunmalı məsələlər var və qarşılıqlı etimadın möhkəmləndirilməsi hər iki ölkənin maraqlarına uyğundur. Azərbaycan indiyədək regionda sabitləşdirici və məsuliyyətli aktor olduğunu nümayiş etdirib. Həm İran-İsrail qarşıdurması, həm də ABŞ-İran gərginliyi dövründə rəsmi Bakı balanslı mövqe tutaraq mehriban qonşuluq siyasətinə sadiq qaldığını bir daha göstərdi. Əlbəttə, bu yanaşma qarşılıqlı olmalıdır. Qonşu dövlətlər bir-birinin təhlükəsizliyinə hörmətlə yanaşmalı, problem yaratmamaldırlar. Ümid etmək olar ki, İran da Cənubi Qafqaz siyasətində daha praqmatik və konstruktiv yanaşmaya üstünlük verəcək”.

Ekspertin sözlərinə görə, Azərbaycanın təşəbbüsü ilə regionda yeni nəqliyyat və logistika marşrutları formalaşır:

“Bu layihələr heç bir dövlətə qarşı yönəlməyib. Əksinə, region ölkələri üçün əlavə iqtisadi imkanlar yaradır. İran da bu təşəbbüsləri təhdid kimi deyil, öz milli maraqlarına xidmət edən əməkdaşlıq platforması kimi qiymətləndirə bilər. Danışıqlarda mühüm məsələlərin aydınlaşmasına şahidlik edə bilərik. Ümumilikdə, regionda baş verən dəyişikliklər Cənubi Qafqaz üçün yeni iqtisadi və siyasi imkanlar açır. Əsas məsələ bu imkanlardan düzgün istifadə etmək, dialoqu gücləndirmək və qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməkdir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: