Camalbəyli futbol oynayarkən vəfat edib – Dostu

“İdrak Camalbəylinin ölüm səbəbi hələ dəqiq deyil. Dünən gecə morqa aparılıb. Bizim fikrimizcə, vəfat səbəbi ürək çatışmazlığı və ya trombla bağlıdır”.

Bu sözləri Globalinfo.az-a jurnalist Seymur Şıxaliyev Ukraynada yaşayan azərbaycanlı həmkarı İdrak Camalbəylinin vəfatı ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, İ.Camalbəyli anidən dünyasını dəyişib:

“İdrak avqust ayında sinəsini tutub, ağrıdığını dedi. Xəstəxanaya apardıqda isə damarlarında tıxanıqlıq olduğunu bildirdilər. Bundan sonra ürəyinə 3 stent qoyuldu. Yaxın aylarda daha 2-3 stent yerləşdirilməli olduğunu bildirsələr də, buna vaxtında əməl edilmədi. Dünən İdrak futbol oynamağa getmişdi. Görünür, orqanizmi tab gətiməyib. Mən hadisə yerinə çatanda gec idi”.

S.Şıxaliyev dostunun Azərbaycanda dəfn olunacağını bildirib:

“Dünən gecə qardaşı ilə danışdım. Sənədləşmə işləri 2-3 günə yekunlaşacaq, İdrakın nəşi Azərbaycana göndəriləcək. Konkret harada dəfn olunacağı məlum deyil. Ola bilər, Masazır qəbiristanlığında atasının yanında dəfn edilsin”.

Qeyd edək ki, Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli 48 yaşında dünyasını dəyişib. Allah rəhmət eləsin!

Zaira Akifqızı
Globalinfo.az