Son günlər Azərbaycan-Ermənistan sərhədində artan gərginlik bölgədə ciddi narahatlığa səbəb olub. Xüsusilə Ermənistanın Tovuz bölgəsində həyata keçirdiyi kəşfiyyat xarakterli uçuş, münaqişə zonasındakı vəziyyətin daha da pisləşə biləcəyinə dair şübhələr doğurur. Bu hadisə bölgədəki siyasi və hərbi atmosferi daha da gərginləşdirir.
Gərginliyin artması və kəşfiyyat uçuşları münaqişənin daha genişmiqyaslı bir müharibəyə dönüşə biləcəyinə dair narahatlıqları artırır.
İranın Ermənistanla bağladığı yeni müqavilə bölgədə gərginliyin artmasını tətikləyir. İran Ermənistana 500 milyon dollar dəyərində silah satışına başlayıb. Bu silah müqaviləsi Ermənistanın hərbi potensialını artırmağa yönəlmiş bir addım olaraq qiymətləndirilir və bölgədəki hərbi balansı dəyişdirə bilər.
Ermənistan yeni bir münaqişəyə hazırlaşır?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmirəliyev deyib ki, son zamanlarda Ermənistan öz davranışları ilə qeyri-konstruktiv mövqe sərgiləyir:
“Londonda Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina etməsi, həmçinin sülh prosesi ilə bağlı İrəvandan verilən qeyri-müəyyən açıqlamalar Ermənistanın yenə nəyəsə ümidinin yarandığını göstərir.
İki ölkənin komissiyaları sərhəd məsələləri ilə bağlı mühüm işlər gördülər, böyük yol qət edildi, əsas problem olan qeyri-anklav kəndləri ilə bağlı məsələ öz həllini tapdı. Ancaq təəssüflər olsun ki, Fransa və Avropanın bəzi təşkilatları Cənubi Qafqaz regionunda sülh istəmirlər. Bunun üçün əllərindən gələni etdilər: gah Ermənistan rəhbərliyi ilə görüşlər keçirildi, gah da açıq-gizli şəkildə İrəvana silah karvanları göndərildi. Onların bu fəaliyyətinə regionda öz geosiyasi maraqlarını təmin etmək istəyən Hindistan da qoşuldu”.
Ekspert deyib ki, bu ölkələr ya anlamırlar, ya da bunu bilərəkdən edirlər ki, yeni müharibə alovlansın:
“Dünyanın bir çox dövləti regionda yeni müharibə həvəsindədir. Ancaq bir yanda da bölgə ölkəsi olan İranın da bu prosesə qoşulması vəziyyəti daha da gərginləşdirir. Azərbaycan tərəfi dəfələrlə buna aydınlıq gətirmək istəyib ki, İranın Ermənistanı kütləvi silahlandırmaqda məqsədi nədir? Bu aşkar şəkildə onu göstərir ki, İranla Ermənistan arasında Azərbaycana qarşı ittifaq var.
İranda Azərbaycan türkü olan Məsud Pezeşkian prezident seçilib, müsbət mesajlar verir. Rəsmi Bakı da onun hakimiyyəti dövründə İran – Azərbaycan münasibətlərinin normallaşmasına, mehriban dostluq və qonşuluq münasibətlərinin yaranmasına ümid edir. İnanıram ki, Pezeşkian Tehranı bu ermənipərəst kursunu dəyişdirə biləcək. Baş verən hadisələr isə Ermənistanın yenidən revanşa hazırlaşdığını göstərir. Böyük həcmdə müharibə gözləntisi yoxdur. Çünki nə qədər silahlansa belə, Ermənistanın buna gücü yoxdur. Erməni əsgəri məğlubiyyət sindromu yaşayır. Ancaq təxribatlar ola bilər. Azərbaycan ordusu bu cür təxribatların qarşını almaq üçün böyük qətiyyətlə sahibdir”.
Globalinfo.az xatırladır ki, İranın Ermənistanla 500 milyon dollarlıq silah müqaviləsi haqda xəbərlər rəsmi Tehran tərəfindən təkzib edilib. Buna baxmayaraq, Ermənistanın intensiv şəkildə silahlandırılması haqda məlumatlar yayılmaqdadır. Ötən həftə Fransanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarə İrəvanda “Zvartnots” hava limanına endi. Hərbi təyyarədə silah-sursatın olması istisna deyil. Hindistandan da Ermənistana silah ötürülür. ABŞ-ın bölgədə son vaxtlar sülh təşəbbüsü ilə çıxış etməsi isə şübhələri artırır. Çünki Vaşinqtonun hansısa münaqişəni dayandırdığı məlum deyil. Ortada olan mənzərə deməyə əsas verir ki, Qərbin silah şirkətləri və onların ABŞ-da, Avropadakı dəstəkçiləri Ukraynadan sonra yeni bir münaqişə ocağı yaratmağa çalışırlar. Bu dəfə isə Qafqaz qurban kimi seçilə bilər.
Turan Rzayev
Globalinfo.az