Polşa Rusiya ilə Belarus arasında hərbi baza yaratmaq istəyir. Bu barədə Polşanın Müdafiə Nazirliyindən bildirilib. Hərbi hissə Belarusla Kalininqrad arasındakı Suvalk dəhlizində yerləşəcək. MN-dən həmçinin bu bazanın sonuncu olmayacağı da bildirilib. Qeyd edək ki, bir qədər əvvəl Polşanın Belarusa hücuma hazırlaşdığı bildirilirdi.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Polşa Rusiyanın aqressivliyinin nə ilə bitəcəyini yaxşı bilir:
“Hazırda Polşanın Belarusla Kalininqrad arasındakı Suvalk dəhlizində hərbi baza yaratması düzgün və uzaqgörən addımdır. Məsələ ondadır ki, rəsmi Varşava Kremlin ehtimal aqressiyasından özünü sığortalamaq istəyir.
Tural İsmayılov
Real yanaşsaq heç kəs Rusiyanın Ukraynaya hücum edəcəyini gözləmirdi. Lakin bu baş verdi və iki ildir müharibə davam edir. Polşa bu ssenarini bildiyi üçün indidən hazırlıq görür.
Aydın məsələdir ki, Polşa özünü təhlükəsizlikdə hiss etmir. Digər tərəfdən Rusiyanın Polşaya yaxın Ukrayna şəhərlərini vurmaq riski də günbəgün artır. Buna görə də Polşa təkcə Suvalk dəhlizində yox, Belarusla sərhəddə yeni hərbi bazalar yarada bilər”.
Ekspert bildirib ki, Rusiya Polşanı hər nə qədər təhdid etsə də ona hücum etməyəcək:
“Polşa həm NATO, həm də Avropa İttifaqı ölkəsidir. Yəni Kremlin ehtimal hücum cəhdi şübhəsiz NATO ilə müharibə deməkdir. Kreml bunu gözə ala bilməz. Amma hərbi bazanın yaranmasında səssiz qalmayacaq”.
Turan Rzayev
Globalinfo.az