Qafqazda partlayış səsləri başladı: Bakı və İrəvan prosesin içində – VİDEO

“Gürcüstan parlamenti birinci oxunuşda xarici agentlər haqqında qanunu qəbul etdi. Tbilisini etiraz bürüyüb. Etirazçılar parlament binasına daxil olmaq istəyirlər, amma polis güc tətbiq edir. Görünür, hökumət ikinci Qavrilov gecəsinin yaşanmasına imkan vermək istəmir”.

Globalinfo.az xəbər verir ki, bunu analitik İlkin Həsənov qeyd edib.

“Baş nazir Qaribaşvili qanunun qəbulundan az öncə layihəyə qarşı çıxanları rəsmən təhdid edib və hər kəsin cəzalandırılacağını bildirib. Elə ona görə də polis güc tətbiq edir. Görünür, gürcü iqtidarı prosesə yaxşı hazırlanıb və təslim olmaq niyyətində deyil. Ən maraqlı məsələ isə ölkə prezidenti Salome Zurabişvili ABŞ səfərini yarımçıq qoyaraq geri qayıdır. O, bəyanat yayaraq etirazçıların yanında olduğunu deyib. ABŞ səfirliyi qanun qəbulunun Gürcüstan üçün “qara gün” olacağını deyib, amma hələlik qanun qəbulundan sonra qəti açıqlama verməyib. Görünür, Luis Bononun Tbilisiyə səfərini gözləyirlər. Yəqin ki, nə olacaqsa, bundan sonra olacaq. Böyük ehtimalla ABŞ İvanişvilini sanksiyalar siyahısına salacaq.

Hələlik gedişatdan görünən odur ki, heç kim təslim olmaq istəmir. Bundan sonra ölkədə inqilab olarmı? Ehtimalı böyükdür, amma nəzərə almaq lazımdır ki, müxalifət beş il əvvəlki deyil. Vahid Milli Hərəkat Partiyası ana müxalifət kimi qalsa da, böyük güc itirib, daxilində parçalanma çoxdur. Partiyadan həmçinin önəmli kadrlar ayrılıb. Liderliyi hansısa yeni parlayacaq qrup üzərinə götürə bilər, ya da ki müvəqqəti lider prezident ola bilər. Saakaşvili özü bir həftə əvvəl artıq bununla bağlı bəyanat verib və prezidentin yanında olduğunu deyib.

Hər halda Gürcüstan üçün çox çətin dönəm başladı. Baş verənlər ümumilikdə Qafqazdakı geosiyasi qarşıdurmanın hansı səviyyəyə çatdığını göstərir. Yəni həm Tbilisidə yaşananlar, həm də Azərbaycan-Ermənistan arasında baş verənlər dolayısı olaraq eyni pazlın tərkib hissələridir. Tərəflərdən hansı Gürcüstanda uğur qazansa, bunun bütün bölgənin gələcəyinə təsiri qaçılmaz olacaq. Hələlik isə görünən geosiyasi qarşıdurmanın yaxın zamanlarda bitməyəcəyidir. Bununla belə hələ kuliminasiyaya çatmamışıq”, – İ.Həsənov bildirib.

Aqşin
Globalinfo.az