Regionda “Moskva vaxtı” başlayır – Bakıya mühüm xəbərlər gələ bilər

Bu gün Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Moskvada görüş keçiriləcəyi gözlənilir. Görüşdə ərazi bütövlüyünün qarşılıqlı tanınması protokolunun imzalanması, Qərbin təqdim etdiyi təkliflər paketinin müzakirəsi, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması və s. məsələlərin müzakirə ediləcəyi ehtimal olunur.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimovun sözlərinə görə, Rusiya çalışır ki, maddələr üzrə əldə edilmiş razılıqları kompleks şəkildə birləşdirsin və Moskva görüşü ilə onun nəticələrini elan etsin:

“Lakin yekun hərtərəfli razılaşma üçün regionda bir sıra xətlər götürülməlidir. Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı fəaliyyəti, Ermənistanın hərbsizləşdirilməsinə dair öhdəliklər buraya daxildir.

Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentin xidməti fəaliyyəti üçün isə zəminlər tədricən aradan qaldırılır. Rəsmi Bakı Laçında sərhəd-buraxılış məntəqəsi qurduqdan sonra isə rusiyalı hərbçilərin Qarabağdakı missiyası məhdudlaşır.

Əliyev bu məhdudlaşmaları görüşdə qeyd edə bilər, yəni sülhməramlıların yerdə qalan müddətdəki fəaliyyəti perspektivdə onların regiondan çıxmasına xidmət etməlidir, qalıcılığına deyil”.

Aqşin Kərimov

Politoloqun fikrincə, mühüm məsələlərdən biri Zəngəzur dəhlizi layihəsi ilə bağlı razılaşmaların olmasıdır:

“Görüşdən qabaq Paşinyan Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı xoşməramlı mesajlar verməklə növbəti danışıqlarda razı olacağı məqamlara erməni cəmiyyətini hazırlaşdırır. Paşinyan yenə dəhliz məntiqinin olmayacağını bildirir. Ümumilikdə Ermənistan dediyi sözü əməldə göstərmək üçün davamlı və praqmatik qərarlar çıxarmalıdır.

Azərbaycanla Ermənistanın Qərbdəki görüşlərinin çərçivəsinin, ardınca iki ölkənin XİN başçılarının Rusiyadakı görüşündə razılaşdırılan məqamların Kreml saatına uyğunlaşdırılması Moskva üçün vacibdir”.

Turan Rzayev
Globalinfo.az