Qadın pul yığmaq üçün pişiklərə işgəncə verib? – VİDEO / YENİLƏNİB

Siyəzən rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən fərdi evlərin birində pişiklərin işgəncə ilə öldürülməsinə dair müraciət daxil olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Polis Şöbəsinə müraciət edən vətəndaşlar 1994-cü il təvəllüdlü Aynur Hüseynovanın yaşadığı Siyəzən şəhəri S. Xeyrullayev 41 ünvanında pişikləri işgəncə ilə öldürdüyünü iddia ediblər.

Bu barədə sosial şəbəkələrdə də görüntülər paylaşılıb.

Vətəndaşlar bildirib ki, A. Hüseynova pişikləri saxlamaq adı ilə evinə gətirib. Daha sonra onlara xəsarət yetirərək şəkillər paylaşıb, müalicə üçün özünəməxsus kart məlumatlarını qeyd edərək pul yığıb. Xəsarət yetirdiyi pişiklər öldükdə isə, onu yandıraraq basdırıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şimal Regional Qrupundan bildirilib ki, hazırda daxil olan müraciət əsasında rayon Polis Şöbəsinin Təhqiqat Qrupundan zəruri araşdırmalar aparılır.

***17:39

Siyəzən rayonunda qadının pişiklərə işgəncə verməsi ilə bağlı iddialar yayılıb.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, qadın vətəndaşlardan pişikləri saxlamaq adı ilə alıb və onlara işgəncə verib.

Eyni zamanda, iddia edilib ki, sözügedən qadın pişiklərə kəsik xəsarətləri yetirərək onların şəkillərini paylaşıb, müalicə olunması üçün kart məlumatlarını qeyd edərək pul yığıb. Xəsarət yetirdiyi pişiklər öldükdə isə onu yandıraraq basdırıb.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov sorğumuza cavab olaraq bildirib ki, həmin məsələ ilə bağlı Siyəzən Rayon Polis Şöbəsinə məlumat daxil olub:

Xəyal Talıbov

“Hazırda RPŞ-nin təhqiqat qrupunda zəruri araşdırmalar aparılır. Yekunda məsələyə hüquqi qiymət veriləcək”.