1521109343 img 4345

Bazarlarda islanmış qoz satılması ilə bağlı narazılıqlar var. İddialara görə, bəzi satıcılar qozun çəkisini artırmaq üçün onu isladır, nəticədə isə məhsulun içərisində kif yaranır. Bildirilir ki, bu hal həm məhsulun keyfiyyətinə, həm də insanların sağlamlığına təhlükə yarada bilər.

İstehlakçılar belə məhsulları alarkən nələrə diqqət etməlidirlər? Həqiqətən belə hallar çoxalıbmı? Kiflənmiş qozu yemək insan sağlamlığı üçün hansı təhlükələr yaradır? Alıcılar qozun isladıldığını və daxilinin kifləndiyini necə müəyyən edə bilərlər?

Globalinfo.az-a danışan qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa Salamov deyib ki, qozların isladılaraq satılmasında maraqlı olan işbazlar çoxdur:

“Bu, qozun kiflənməsi və kif vasitəsilə aflatoksin, mikotoksin ifraz etməsinə gətirib çıxarır. Bu da qida zəhərlənməsi deməkdir. Belə hal hətta güclü allergiyanın yaranmasına da səbəb ola bilər. Yəni allergik reaksiyası olan insanlara zərbə deməkdir. Bu hallara yol vermək olmaz.

İnsanlar da qoz alanda diqqət etsinlər, üzərinə baxıb almasınlar. Bir az kisənin, içərisinə doğru əllərini salsınlar və tən ortadan qoz çıxartsınlar, qoxlasınlar.

aga
Ağa Salamov

Qoxusunda kif və yaxud nəm iyi varsa, onlardan uzaq dursunlar. Çünki elə qozlar tez kiflənirlər, saxlanma şəraiti düzgün olmur və sairə. Bu gün açıq havada yağışın altında qozlar satılır. Ondan uzaq durmaq lazımdır.

Amma yaxşı və quru qoz satan yerlər də var. Ciddi fikir verdikdə yaş qozla, islanmış qozun fərqini görmək olar. İsladılmış qozlardan ifraz olunan kimyəvi birləşmələr toksindir, zəhərdir və insanları zəhərləmə ehtimalı yüksəkdir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: