netanyahu baki

İsraildə keçirilən parlament seçkilərindən sonra səslərin 100 faizi hesablanıb.

Yekun nəticələrə əsasən, baş nazir Benyamin Netanyahunun bloku 53, rəqibi Qadi Eyzenkotun bloku 48, ərəb partiyaları isə 19 mandat əldə edib.

Bəs bundan sonra İsraildə siyasi proseslər necə inkişaf edəcək? Netanyahu nələri itirdi, nələri qazandı? Hakimiyyət yaxın gələcəkdə müxalifətə keçərsə, Azərbaycanla münasibətlərdə dəyişiklik baş verə bilərmi?

Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, tam hökumət formalaşdırmaq üçün Benyamin Netanyahunun 61 səsə ehtiyacı var idi:

“Lakin yenə də ən böyük blok onun rəhbərlik etdiyi qüvvələrdir. Bu o deməkdir ki, hökuməti formalaşdırmaq vəzifəsi prezident tərəfindən Netanyahunun üzərinə qoyula bilər. O isə hökuməti qurmaq üçün digər siyasi bloklarla danışıqlar aparmalıdır. Amma ərəb partiyaları ilə danışıqlara gedəcəyinə inanmıram.

Müxalifət blokundakı bəzi şəxslər nazir vəzifələri əldə edə bilərlər. Beləliklə, hökumət formalaşdırıla bilər.

murad sadeddinov 1 900x551 1
Murad Sadəddinov

İsrailin İran, Livan və Qəzza ilə bağlı siyasətində ciddi dəyişikliklər olmayacaq. Daxildə müxalifətin təklifləri nəzərə alınaraq müəyyən korrektələr edilə bilər. Netanyahu təkbaşına hökumət qura bilməsə də, baş nazir postunda qala bilər.

Azərbaycanla münasibətlər isə dəyişməyəcək. Hətta Netanyahu baş nazir olmasaydı belə, münasibətlərdə ciddi dəyişikliklərin baş verməsi çətin görünür. Çünki bu əlaqələr konkret baş nazirdən deyil, dövlətlərarası maraqlardan asılıdır. Buna görə də Azərbaycanla münasibətlərdə hər hansı mənfi dəyişiklik gözləmirəm”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: