f8bf51bf 6b69 4d02 b496 a9dfe7d92737 scaled

28 oktyabr tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhməd ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan hökumətinin ayırdığı təqaüdlə Bakıda təhsil alan İƏT-ə üzv dövlətlərin gəncləri ilə görüş keçirib.

Globalinfo.Az xəbər verir ki, Qoşulmama Hərəkatı Gənclər Təşkilatında (QHGT) baş tutan tədbirdə əvvəlcə QHGT-nin Mənzil Qərargahı ilə tanışlıq keçirilib və daha sonra ölkəmizdə təhsil alan İƏT-ə üzv dövlətlərin gəncləri barədə təqdimat nümayiş olunub.

Görüş çərçivəsində təqaüd proqramlarının tələbələrini əhatə edən “İƏT Tələbələr Assosiasiyası – Azərbaycan” təşkilatı tərəfindən İƏT Baş katibinə Azərbaycan hökumətinin İƏT-ə üzv ölkələrin tələbələri üçün təqdim etdiyi təqaüd proqramları haqda məlumat verilib. 2017-2022-ci illər üzrə 41 İƏT ölkəsindən 126 tələbəyə, 2024-2026-cı illər üzrə isə 39 İƏT ölkəsindən 219 tələbəyə Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq imkanı verildiyi qeyd olunub. Ümumlikdə, 46 İƏT ölkəsindən 350-yə yaxın gəncin Azərbaycanın təqdim etdiyi təqaüdlərdən faydalandığı vurğulanıb.

Bununla yanaşı, İƏT Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzi (ICYF-ERC) tərəfindən Mərkəzin fəaliyyəti və İƏT ölkələrindən olan tələbələrlə bağlı həyata keçirdiyi fəaliyyətlər barədə təqdimat edilib.

Baş katib İsmail Ould Şeyx Əhməd çıxışında İƏT-in gələcək hədəfləri və perspektivləri, habelə təşkilatın yeni rəhbəri kimi qarşıya qoyduğu məqsədlər və gənclərin bu prosesdəki rolu barədə mühüm məqamlara toxunub. O, İƏT gənclərinə göstərilən xüsusi qayğı və diqqətə, həmçinin təhsil üçün təqaüdlərin ayrılmasına görə Azərbaycan hökumətinə dərin təşəkkürünü bildirib.

İƏT gəncləri arasında əlaqələrin gücləndirilməsi və onların xalqlararası bağların inkişaf etdirilməsi sahəsində fəallığının təşviqi məqsədilə təşkil olunan görüş “İslam dünyasında həmrəyliyin gücləndirilməsində gənclərin mədəni diplomatiya səfirləri kimi rolu” mövzusunda interaktiv sual-cavab sessiyası ilə davam edib. Sessiyada gənclərin mədəniyyətlərarası dialoqun inkişafında və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsindəki rolu ətrafında müzakirələr aparılıb.

Tədbir ICYF-ERC-nin İdarə Heyətinin sədri Elçin Əsgərovun bağlanış nitqi və xatirə fotosunun çəkilişi ilə başa çatıb.

e6c88b88 e9ec 4479 a959 f8281dd03756 scaled b2118f1b 19a6 4b46 a45e 770dbf434f9e scaled 48cb9e4f 8c8b 438f 9094 aa7f157fc4de scaled 84e062e1 3f84 49a4 b674 6c46749c0635 scaled ab56ea48 6eb4 4a6e 82ee 9adc23949812 scaled bb25d44f ff70 40eb a678 a1a2bba5e2a8 scaled

Paylaş: