Rayonların kasıblıqdan və işsizlikdən xilas yolu – Deputatla professordan real təklif

Azərbaycan regionlarını dirçəltmək haqda hökumət nə düşünür? Rayonlarda, kəndlərdə iş yerləri, məşğulluq mərkəzləri yox dərəcəsindədir. Əhali bundan çox əziyyət çəkir. Bölgələrdə ASAN xidmətdən başqa son illər tikilən, istifadəyə verilən, açılışı olan hansı obyektlər çalışır, aktiv fəaliyyət göstərir? Regionların sosial-iqtisadi inkişafı proqramı hara qədər işlədi? Bu proqram rayonlarda, kəndlərdə yaşayan vətəndaşın həyatına hansı formada müsbət təsir göstərdi? Kəndli əkinlə, maldarlıqla məşğul olmalıdır, bu sahədə ən əsas məsələ sudu, o da yoxdu. Üstəlik də yerli məmurların özbaşınalığı, rüşvət tələb etməsi, qanunsuz yoxlamalarla fermeri, sahibkarı incitməsi də bir yandan gərginlik yaradır. Dövlətin regionların inkişafı ilə bağlı daha effektiv tədbiri, planı olacaqmı? Hesablama Palatasının son hesabatında deyilir ki, fermerlərə verilən subsidiya effekt vermir. Buğda əkini azalır.

Globalinfo.az bu mövzu ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun fikirlərini öyrənib. O, problemin ciddi olduğunu bildirib:

“Regionların sosial-iqtisadi inkişafı, yeni iş yerlərinin yaradılması tez-tez Milli Məclisdə də müzakirə olunur. Rayonlarda, kəndlərdə iş yerləri olmadığı üçün əhali Bakı, Sumqayıt kimi iri şəhərlərə meyl göstərirlər. Nəticədə kəndlər boşalır. Bu hal faktiki olaraq bütün regionlarda müşahidə olunur. Doğrudur, son illərdə yeni iş yerləri açılıb, amma bu daha çox Bakı və Sumqayıt şəhərlərini əhatə edir. Regionların sosial-iqtisadi inkişafı proqramı əsasında qeyd edilən bütün nüanslar yerinə yetirilib, bu istiqamətdə kifayət qədər yol gedilib, kommunal problemlər müəyyən qədər öz həllini tapıb. Amma iş yerlərinin açılması, kənd təsərrüfatı emalı müəssisələrinin sayının artırılması kimi məsələlər hələ tam yerinə yetirilməyib”.

Pensiyaçıların sayı niyə kəskin azalıb? - Vahid Əhmədov səbəbini açıqladı

Vahid Əhmədov

Deputat rayonlardakı işsizlik probleminin səbəblərindən və həll yollarından söz açıb:

“Ona görə də bu gün ölkəmizdə işsizlik problemi kifayət qədər aktual məsələdir. 2023-cü ilin dövlət büdcəsinin müzakirəsində də əsas bu problemə diqqət çəkmişdik. Çünki insanların şəhərə axınını tənzimləmək lazımdır. Yollar çəkildikcə, suyun, qazın verilişi qaydasına salındıqca insanlar öz bölgələrinə geri qayıdırlar, torpaq sahəsi alıb ev tikirlər. Burada ilk olaraq regionlarda yaşayan vətəndaşlar üçün kreditə əlçatanlıq təmin edilməlidir. Çünki kredit faizləri yüksəkdir, insanlar rahatlıqla istənilən məbləği götürüb bölgələrdə sahibkarlıqla məşğul ola bilməlidirlər. Həmçinin kənd təsərrüfatı emalı müəssisələrinin sayı artırılmalıdır. Regionlarda bu istiqamətdə çatışmazlıqlar var, hazır məhsullar satılır. Amma özlərinin emal etdikləri məhsuldan daha yaxşı gəlir əldə edə bilərlər. Burada kifayət qədər ciddi məsələlər var, problemlərin həlli ilə bağlı müəyyən proqramlar da hazırlanır. Amma hələ də ucqar kəndlərimizə yolların çəkilişi məsələsi tam həllini tapmayıb, yenə də bu istiqamətdə müsbət addımlar da atılır”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, İqtisad üzrə elmlər doktoru Elşad Məmmədov mövzu ilə bağlı Globalinfo.az-a bildirib ki, bu məsələdə ilk növbədə investisiya artımına ehtiyac var:

“İqtisadi inkişaf, məşğulluq problemlərinin həlli kimi məsələlər sadəcə müəyyən dövlət qurumları tərəfindən yeni iş yerlərinin açılması ilə məhdudlaşmamalıdır. Bazar iqtisadiyyatı şəraitində sosial məsələlərin həllinin açar mexanizmi investisiyaların artımı ilə bağlıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun tərkibində olan Dövlət Məşğulluq Agentliyi bir çox iş yerlərinin açılması ilə bağlı effektiv layihələr həyata keçirir. Bunların da müsbət nəticələri var. Amma regional məşğulluğun geniş ölçüdə təmin edilməsi, yeni, yüksək əmək haqqı tutumlu iş yerlərinin açılması yüksək əlavə dəyər tutumlu istehsaldan, iqtisadi proseslərdən asılıdır. Ona görə də, investisiyalar artırılmalı, bazar iqtisadiyyatının əsas hissəsini özəl investisiyalar təşkil etməlidir. Amma bugünkü bank faizləri ilə bunu etmək çox çətindir. Bu səbəblə ölkədə kredit sisteminə diqqət edilməsi vacibdir, əks halda problemlərlə üzləşirik”.

Elşad Məmmədov

E.Məmmədov işsizlik probleminin aradan qaldırılması üçün özəl sektorda sahibkarlığın inkişafına mövcud kredit sisteminin mane olduğunu bildirib:

“İşsizlik səbəbi ilə əhalinin şəhərə axınının qarşısının alınması bir dövlət qurumunun fəaliyyəti ilə məhdudlaşa bilməz. Bazar iqtisadiyyatı şəraitində özəl sektor üzrə yeni iş yerləri açılmalıdır. Özəl sektorda yeni müəssisələrin istifadəyə verilməməsinin əsas səbəbi sərmayə problemidir. Bu sərmayənin əsas mənbəyi isə bank sektoru olmalıdır, insanlar kredit götürüb iş qura bilsinlər. Amma Azərbaycanda bank sektorunda kreditlər elə şərtlərlə təklif edilir ki, insanların bundan yararlanması mümkün deyil. Kredit götürən vətəndaşlar onu geri ödəyə bilməyəcəklər, yaxud da ödəmək üçün müflis olacaqlar. Bizə istehsal tutumlu yeni iş yerlərinin açılması lazımdır ki, həm əlavə dəyər yaransın, həm də əməkhaqqı yüksək olsun. Bütün bunları nəzərə alaraq mən sözügedən problemlərin əsas səbəbini ölkədəki kredit siyasətində görürəm”.

Ayşən Mustafa
Globalinfo.az