Putini İrəvana ordu yeritməyə məcbur edirlər – Hücum olsa…

Ermənistanda “Sputnik” radiosunun yayımının dayandırılması Rusiyada sərt qarşılanıb. Bu, İrəvanın Moskvadan uzaqlaşması prosesində növbəti həmlə kimi qiymətləndirilir.

Məsələnin maraqlı tərəfi budur ki, Putin olanlara rəğmən Paşinyanla bağlı təmkinini pozmur.

Rusiyalı politoloq Sergey Markovun sözlərinə görə, Rusiyadan sərt cavab olmayacaq, çünki Paşinyan bununla Moskvanı sərt davranmağa təhrik edib, bu cavabdan erməni əhalisi arasında kütləvi anti-Rusiya təbliğatı aparmaq üçün istifadə edə bilər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov qeyd edib ki, rəsmi İrəvan Moskvadan uzaqlaşmaq siyasətini davam etdirir:

Kənan Novruzov

“Bu, başda ABŞ və Fransa olmaqla Qərb dövlətlərinin Nikol Paşinyana təzyiqinin nəticəsidir. Paşinyan hazırda lazımi siyasi iradəyə malik deyil, ona görə də rəsmi İrəvan iki od arasında qalıb. Təzyiqlərə tab gətirə bilmədiyi üçün Rusiyadan uzaqlaşır.

Nikol Paşinyan ictimai şüurla çox yaxşı işləməyi bacarır. Ona müəyyən tapşırıqlar verilir ki, hansı addımları atsın. Onun hakimiyyəti dövründə Moskva və İrəvan münasibətlərinin düzələcəyini gözləmirəm. Hazırkı vəziyyəti sadəcə qorumağa çalışacaq.

Ermənistanın Ukrayna, Suriya kimi poliqona çevriləcəyi inandırıcı deyil. Lakin Rusiyanı İrəvana hərbi müdaxiləyə təhrik edirlər. Ermənistanın əli ilə Putini qıcıqlandırır, hücuma sövq edirlər. Hərbi müdaxilə edəcəyi halda Rusiyanı iflas gözləyir”.

Safura Bənnayeva
Globalinfo.az