Kremlin sözçüsü Dmitri Peskov iddia edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında ayrı-ayrılıqda ikitərəfli görüşlər planlaşdırılmır, lakin MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində müzakirələr aparıla bilər.
Məlumdur ki, bir müddətdir vasitəçisiz danışıqlar mövzusu gündəmdədir və rəsmi Bakı bu formula müsbət yanaşır. İndiki məqamda Rusiyanın belə mövqe ortaya qoymasının səbəbi nədir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli qeyd edib ki, rəsmi Moskva mərkəzdə olmağa çalışır:
“Azərbaycan və Ermənistan arasında vasitəçisiz sülh olarsa, bu, tarixi hadisə sayılacaq. Postsovet məkanında 30 ildən çox tarixə malik münaqişənin nöqtəsi qoyulacaq.
Əhəd Məmmədli
Rusiya Prezidenti Vladimir Putin tarixə düşməyə çalışır. Yuqoslaviya savaşından sonra sülh müqaviləsinin imzalanması Bill Klintonun dövrünə təsadüf edirdi və o, həmin hadisədən sonra tarixə düşdü. İndi də eyni addımı Kreml rəhbəri atmaq istəyir. Düşünür ki, dövlət maraqlarına görə postsovet ölkələrinin münaqişəsi Rusiyanın vasitəçiliyi ilə həllini tapmalıdır.
Harada imzalanmasından asılı olmayaraq, sülh sazişi qalib və haqlı Azərbaycanın maraqlarına uyğun olmalıdır”.
Safura Bənnayeva
Globalinfo.az