putin

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan və Özbəkistanla qüvvədə olan hərbi-texniki əməkdaşlıq haqqında sazişlərə dəyişiklik edilməsi məqsədilə danışıqlara başlanılması barədə göstəriş verib. Müvafiq sənədlər hüquqi aktların rəsmi portalında dərc olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Rusiya Qazaxıstanla hərbi-texniki əməkdaşlıq haqqında sazişi 24 dekabr 2013-cü ildə (2015-ci ildə ratifikasiya olunub), Özbəkistanla isə 29 noyabr 2016-cı ildə imzalayıb. Sazişlər silah və hərbi texnikanın tədarükünü, hərbi təyinatlı məhsulların mübadiləsini, texnologiyaların və texniki sənədlərin ötürülməsini tənzimləyir.

Son illərdə Qazaxıstan Rusiyadan 20 ədəd “Su-30SM” qırıcısı, “Mi-171Ş” və “Mi-35M” helikopterləri, “Buk-M2E” zenit-raket kompleksləri, həmçinin “BTR-80” və “BTR-82A” zirehli transportyorları alıb. Bundan başqa, 2015-ci ildə Moskva regionda vahid hava hücumundan müdafiə sisteminin yaradılması proqramı çərçivəsində Astanaya beş ədəd “S-300PS” zenit-raket sistemi əvəzsiz olaraq təhvil verib.

Özbəkistan isə 2017–2019-cu illərdə dövlət ixrac krediti hesabına 12 ədəd “Mi-35M” helikopteri əldə edib və təxminən 30 “MiQ-29” qırıcısını modernləşdirib. Tərəflər, həmçinin “Su-30SM” qırıcılarının, “Sopka-2” radiolokasiya kompleksinin və “Peçora-2M” zenit-raket sistemləri üçün avadanlıqların tədarükünü də müzakirə ediblər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: