Belarus Prezidenti Aleksandr Lukaşenko ordunun mümkün silahlı münaqişəyə hazır olması üçün hərbi hissələrin səfərbər ediləcəyini açıqlayıb.
O, müdafiə naziri Viktor Xrenin ilə görüşdə ordunun döyüş hazırlığının gücləndirilməsi istiqamətində addımlar atılacağını bildirib.
Lukaşenko ölkəsinin sülh tərəfdarı olduğunu, lakin bütün ehtimallar nəzərə alınaraq Silahlı Qüvvələrin müharibəyə hazır vəziyyətə gətiriləcəyini söyləyib.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, əvvəllər də Lukaşenko oxşar fikirlərlə çıxış edib:
“Dünya nizamının yenidən qurulduğu və qlobal təhlükəsizlik sisteminin ciddi təhdid altında olduğu bir vaxtda bütün dövlətlər müharibəyə hazır olmalıdır. O cümlədən, Belarus da. Hər an yeni savaş başlaya bilər. Lukaşenkonun nəzərdə tutduğu isə yəqin ki, Rusiya–Ukrayna müharibəsinə qoşulmaq ssenarisidir.

Kənan Novruzov
İki versiya var. Birincisi, ola bilsin, bu, blefdir və Kiyevi qorxutmaq cəhdidir. Belə ki, Rusiya Prezidenti Vladimir Putin ilk dəfə Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə görüşə və danışıqlara hazır olduğunu elan edib. Moskvanın bu yolla danışıqlarda güclü mövqedən çıxış etmək üçün Kiyevi çəkindirmək istəməsi mümkündür.
İkincisi ehtimala görə, danışıqlar nəticə verməsə, Rusiya Belarusu müharibəyə çəkəcək. Çünki imkanları zəifləyir, daxili narazılıq artır”.
Turan Rzayev
Globalinfo.az