Putin Ermənistanda həbs olunur – Paşinyanın qərarı nə ilə nəticələnə bilər?


“Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statunu ratifikasiya etməsi Moskva ilə İrəvan arasında gərginliyi artıracaq”.

Bu sözləri Globalinfo.az-a politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, parlamentin Roma Statunu ratifikasiya etməsi Rusiya Prezidenti Vladimir Putinin ekstradisiyasını və həbsini leqallaşdırır:

“Artıq Rusiya tərəfi məsələ ilə bağlı rəsmi etirazını bildirib. Ümumiyyətlə Kreml bu qərarı qeyri-dost davranış kimi xarakterize edib. Bütövlükdə isə bu qərarın Ermənistan cəmiyyətinin deyil, mövcud Paşinyan hakimiyyətinin qərarı olduğu bildirilib.

Oqtay Qasımov

Hesab edirəm, onsuz da gərgin olan Rusiya-Ermənistan münasibətləri bu qərar ilə daha da gərginləşəcək. Rusiya Ermənistandakı təzyiq rıçaqlarını işə sala bilər.

Birincisi, qarşıdan qış ayları gəlir. Rusiya Ermənistana satdığı qazın qiymətini bahalaşdıra bilər. Bu, Ermənistanda ciddi narahatlıq yaradar.

İkincisi, bu gün Rusiyanın Ermənistan müxalifəti və ordusunda kifayət qədər tərəfdarı var. Kreml mövcud hakimiyyət əleyhinə bu qüvvələrdən istifadə edə bilər.

O ki qaldı Putinin Ermənistana səfəri və ehtimal həbsinə, deyə bilərəm ki, o, bu tezlikdə çətin ki, İrəvana səfər etsin. Bu, münasibətləri daha da gərginləşdirə bilər. Buna görə də bunun baş verəcəyini düşünmürəm.

Turan Rzayev
Globalinfo.az