Rusiya Prezidenti Vladimir Putin aprelin 27-də Türkiyəyə səfər edəcək. Səfər çərçivəsində Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla “Akkuyu” atom elektrik stansiyasının birinci mərhələsinin açılışında iştirak etməsi gözlənilir.
Diqqətçəkən məqam isə Putinin səfərindən öncə Rusiya xarici işlər naziri Sergey Lavrovun aprelin 6-7-də Türkiyəyə səfər etməsidir.
Maraqlıdır Putin səfər öncəsi hansı səbəbdən Sergey Lavrovu Türkiyəyə göndərir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə iki ölkə arasındakı əməkdaşlığının inkişafını, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini, həmçinin Ukraynadakı müharibə və Suriyadakı vəziyyəti müzakirə edəcək:
Elxan Şahinoğlu
“Böyük ehtimalla Mövlüd Çavuşoğlunun nazir vəzifəsində Lavrovla son görüşü olacaq. Çünki Ərdoğan elan edib ki, prezident və parlament seçkisindən sonra yeni kabinet formalaşacaq. Bu isə o deməkdir ki, indiki nazirlər millət vəkilliyi yarışına qatılacaqlar.
Ərdoğan ilə də vəziyyət eynidir. Belə ki, prezident seçkisində qalib gəlməzsə, dövlət başçısı kimi Putinlə son görüşü olacaq. Türkiyədə prezident seçkisi “Akkuyu” atom elektrik stansiyasının açılışından 16 gün sonra gerçəkləşəcək”.
Politoloq bildirib ki, Putin Ərdoğanla yola davam etmək istəyir, onunla 20 ildən uzun müddətdə enişli-yoxuşlu yol qət edib:
“Lakin seçkidə fərqli nəticə olacağı, yəni Kamal Kılıçdaroğlunun prezident seçiləcəyi halda da Türkiyə-Rusiya tərəfdaşlığında qopma baş verməyəcək. Bununla belə Putinin yeni prezident və onun siyasətinə alışması vaxt tələb edəcək”.
Turan Rzayev
Globalinfo.az