Proseslər qızışır: Bakı hərbi əməliyyatlara başlaya bilər – Politoloq

“2023-cü ilin ilk iş günündən Vaşinqton Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyasını ələ almış oldu. Bu təşəbbüs Vaşinqtonun real sülh müqaviləsinin bağlanması istiqamətində aparılan danışıqlarda maraqlı olduğunu göstərir. ABŞ Dövlət katibi E.Blinken Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov və Ermənistan XİN Ararat Mirzoyanla telefonda danışacaq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, E.Blinkenin hər iki tərəflə aparacağı telefon danışığında sülh müqaviləsinin bağlanması istiqamətində əldə olunan razılaşmaların icrası və Laçın dəhlizi ilə bağlı məsələlər, həmçinin İrəvanın Vaşinqton gündəliyinə qayıtması mövzusu müzakirə ediləcək:

“Qeyd edim ki, ABŞ dövlət katibinin xarici işlər nazirlərinin növbəti görüşünü təşkil edəcəyi gözlənilir. Vaşinqton bu görüşü təşkil etməklə İrəvanın manipulyasiya siyasətinin qarşısını almaqla konkret predmet üzrə müsbət nəticəyə yönələn mövqe ortaya qoymağı planlaşdırır. Əgər xarici işlər nazirləri görüşəcəklərsə, mart ayına kimi Prezident İlham Əliyev və Nikol Paşinyanın görüşü təşkil edilə bilər. Belə bir görüşün keçirilməsində ABŞ israrlıdır və Moskvanın vasitəçiliyini kənarlaşdırmaq üçün bu il maksimum diplomatik hərəkətliliyi artıracaq.

Moskvadan fərqli olaraq Vaşinqton Cənubi Qafqazda sülhün əldə edilməsinə çalışır və Azərbaycanın təqdim etdiyi sülh təkliflərini sülhün əsas komponenti olaraq qəbul edir. Ağ Ev liderlərin görüşünü Avropada deyil, Vaşinqton, yaxud Tiflisdə təşkil edə bilər. Azərbaycan ABŞ-ın vasitəçiliyinə etimad edir. Amma rəsmi İrəvanın mövqeyində kardinal dəyişikliklər etmək üçün Vaşinqtonun siyasi təzyiqinə ehtiyac var”.

Politoloqun sözlərinə görə, dəyişən geosiyasi reallıqlar fonunda N.Paşinyan Vaşinqton gündəliyindən kənarlaşarsa, Azərbaycan güc tətbiq etmək məcburiyyətində qala bilər:

“Vaşinqton gündəliyində dəhliz məsələsinə gəldikdə, ABŞ həm Laçın, həm də Zəngəzur dəhlizində hər iki tərəfin suverenliyinin tətbiq olunmasını təklif edir. Azərbaycanın belə bir varianta razı olub-olmaması açıqlanmayıb. Amma Ermənistan Laçın dəhlizində Azərbaycanın nəzarətinə qarşıdır.

Qeyd edim ki, N.Paşinyan Rusiya variantına üstünlük verdiyini ötən ilin son aylarında bildirib. Amma Vaşinqtonun son təzyiqləri fonunda N.Paşinyan Tiflisdə görüşün keçirilməsi ideyasını dəstəklədiyini vurğulayıb.

Artıq danışıqlar prosesini ABŞ aparacaq. Liderlərin görüşü baş tutsa da, sülh müqaviləsinin bağlanması yay aylarına kimi mümkün deyil”.

Turan Rzayev
Globalinfo.az