Priqojindən sonra Rusiyada nələr olacaq? – Deputat mümkün versiyaları sadaladı

“Vaqner” şirkətinin rəhbəri Yevgeni Priqojinin öldürülməsi ilə bağlı müzakirələr davam edir. İndi hər kəs bu sualı verir:  Priqojindən sonrakı Rusiyada nələr olacaq? Onun aradan götürülməsi Kremlin siyasətində nə kimi dəyişikliklər yaradacaq? 

Globalinfo.az-a danışan Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib ki, Priqojinin aviaqəzada həlak olması çoxlu suallar yaradır.

O, yaranan sualların hələ ki, cavabı olmadığını bildirib:

“Bir həqiqət var ki, biz artıq Priqojinsiz Rusiyadan danışırıq. Əslində, onu şişirtməkdə lüzum görmürəm. Çünki Rusiya prezidenti Vladimir Putin bütün özəl hərbi qurumların fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı qərar qəbul etmişdi. Bundan sonra yalnız dövlət hərbi hissələri ola bilər. Bir sözlə, müstəqil və özəl hərbi hissələr qanunla ləğv edilmişdi. Ona görə də, faktiki olaraq “Vaqner”i yaradanlar, həm də onun xitamı ilə bağlı qərar vermişdilər. Bu baxımdan Priqojinin perspektivi elə də parlaq görünmürdü”.

Elman Nəsirov

E.Nəsirovun sözlərinə görə, Priqojinin Belarusa getməsi, daha sonra səsinin Afrikadan gəlməsi, indi də baş verən aviaqəza onu göstərir ki, əslində, onun qiyamı uğursuzluğa düçar olanda artıq Priqojinin gələcəyini proqnozlaşdırmaq mümkün idi:

“Yevgeni Priqojin daha heç kimə lazım deyildi. Necə lazımdır, istifadə olundu. Bu səbəbdən onu icad edənlər üçün artıq elə də əhəmiyyət kəsb etmirdi. Bu səbəbdən mənə elə gəlir ki, Priqojindən sonraki Rusiya öz axarı ilə gedir. Priqojin və onun silahdaşlarının Rusiyadaki proseslərə heç bir təsir imkanları və potensialları yoxdur”.

Elman Nəsirov deyib ki, Priqojin epoxası artıq tamamilə başa çatdı:

“Bundan sonra Rusiyada yenidən oxşar hərbi hissələrin yaradılması ən azı yaxın perspektivdə mümkünsüz görünür. Çünki bu, bir çox hallarda bumeranq effektinə səbəb olur. Bu gün ən çox diqqət Rusiya-Ukrayna cəbhəsində baş verən proseslərlə bağlıdır. Hadisələrin dinamikası onu göstərir ki, 2023-cü il tarixdə müharibənin bitmədiyi il kimi qalacaq”.

Zaira Akifqızı
Globalinfo.az