Prezidentin Serbiyanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu – FOTO

16:52

Noyabrın 23-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Baş naziri xanım Ana Brnabiç ilə geniş tərkibdə görüşü olub.

Globalinfo.az bildirir ki, Serbiya QH-nın yaradıcısı olan dövlətlərdən biridir. Ötən il QH-nın yaradılmasının 60 illiyi də məhz Serbiyada qeyd olunmuşdu. Azərbaycan Prezidenti də həmin toplantıda onlayn qaydada çıxış etmişdi, Azərbaycan və Serbiyanın birgə təşkilatçılığı ilə QH-nın zirvə toplantısı da Serbiyada keçirilmişdi. Serbiya tərəfi bütün bunları çox yüksək qiymətləndirdiyini bildirib.

Bundan başqa, görüşdə enerji sahəsində əməkdaşlığın xüsusi əhəmiyyəti və potensialı vurğulanıb. Belə ki, Azərbaycan qazının Serbiyaya çatdırılmasında və alınmasında Serbiya tərəfi çox maraqlıdır. Bununla əlaqədar aidiyyəti qurumlara tapşırıq verilib ki, bu məsələni işləsinlər. Serbiya Azərbaycandan kənd təsərrüfatında istifadə olunan gübrələrin də alınmasına maraq göstərir, bu sahədə də əməkdaşlıq imkanları mövcuddur. Enerji sahəsində də əməkdaşlıq üçün böyük potensial var. Qara dənizin dibi ilə elektrik enerjisi xəttinin çəkilməsi ilə əlaqədar fikirlər var, bu, nəticə etibarilə Serbiyaya da çatdırıla bilər. İndiki halda Azərbaycan Türkiyə vasitəsilə Balkan regionuna elektrik enerjisi ixrac edir, bu məsələ ilə əlaqədar perspektivlər genişdir. Görüşdə hərbi-texniki əməkdaşlıq barədə də geniş fikir mübadiləsi aparılıb, bu sahədə hökumətlərarası komissiyanın potensialından istifadə edilməsi nəzərdən keçirilib.

Serbiyanın Baş naziri Azərbaycanı Serbiya üçün yaxın dost və etibarlı tərəfdaş adlandırıb, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıqdan məmnunluq ifadə edilib. Qeyd olunub ki, iki ölkə arasında strateji tərəfdaşlıq ruhunda əməkdaşlıq həm də bir-birinin ərazi bütövlüyü və suverenliyinə olan dərin hörməti ehtiva edir.

***

Serbiyanın Baş naziri Ana Brnabiç deyib:

– Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Sizi bu gün Belqradda görməkdən olduqca məmnunam. Bilirəm ki, bizim bir çox məsələlərə nəzər salmaq imkanımız oldu. Sizin bizim Prezidentlə məhsuldar müzakirələriniz olub. Sizi əmin etmək istərdim ki, Serbiya hökumətinə arxalana bilərsiniz. Siyasi və iqtisadi əlaqələrimiz inkişaf edir. Azərbaycanın bizim üçün çox böyük əhəmiyyəti var. Ölkəniz bizim əsl dostumuzdur. Artıq qeyd etdiyim kimi, Sizinlə görüşməkdən və məsələləri müzakirə etməkdən məmnunam və şərəf hissi duyuram. Özünüzü burada öz evinizdə kimi hiss edin. Mən Sizinlə birgə işləməyi səmimiyyətlə arzulayıram.

***

Azərbaycan Prezidenti İlham Əliyev deyib:

– Çox sağ olun, hörmətli Baş nazir. Sizi görməyimə çox şadam. Haqlı olaraq qeyd etdiniz ki, Prezidentlə bizim çox konstruktiv görüşümüz oldu, biz qarşılıqlı maraq doğuran bir çox məsələləri müzakirə etdik. Hazırda biz həmin məsələləri davamlı şəkildə nəzərdən keçirəcəyik. Ölkələrimiz strateji tərəfdaşlardır və biz Serbiyanı Avropada özümüzün ən yaxşı dostlarımızdan biri hesab edirik. Əməkdaşlığımızın mahiyyəti onun formalarını özündə əks etdirir. Biz bu gün bir neçə mühüm sənəd imzalamışıq və onlar iş birliyimizin hüquqi əsaslarını genişləndirir. Lakin, əlbəttə ki, strateji tərəfdaşlığa aid sənəd xüsusi əhəmiyyət kəsb edir.

Təbii ki, qlobal gündəlikdə mühüm məsələlərdən biri enerji təhlükəsizliyidir və biz cənab Prezidentlə bu məsələni müzakirə etdik. İndi isə işimizi davam etdiririk. Eyni zamanda, düşünürəm ki, biz daşımalarla bağlı infrastrukturumuzun birləşdirilməsi üzərində çalışmalıyıq. Çünki Serbiya və Azərbaycan Avropanı Asiya ilə birləşdirən enerji marşrutunun üzərində yerləşir. Fikrimcə, bu sahədə əməkdaşlığın əhatə dairəsi daha geniş olmalıdır. Həmçinin mən ikitərəfli ticarətə aid bəzi məlumatlara baxdım. Rəqəmlər çox kiçikdir. Bu il dövriyyə artımına baxmayaraq, yenə də hesab edirəm ki, bunun üzərində işləmək imkanları var. Əlbəttə, bütün bu və digər məsələlər nəzərdən keçiriləcək. Ümid edirik ki, səfərdən sonra əməkdaşlığımızda yeni dinamikanı görəcəyik.