Prezident: “Azərbaycana ən çox dəstək verən yenə də Türkiyədir”

 

“Tarixin ən önəmli anlarında Azərbaycana dayaq olmuş qardaş Türkiyənin İkinci Qarabağ müharibəsi zamanı da yanımızda olmasını, Siz başda olmaqla bütün xalqınızın müharibənin ilk saatlarından son dəqiqələrinə qədər bizi dəstəkləməsini daim yüksək qiymətləndirir və heç zaman unutmuruq”.

Globalinfo.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğana Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə göndərdiyi məktubda yer alıb.

“Bu gün də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası işində və yenidən qurulmasında Azərbaycana ən çox dəstək verən yenə də qardaş Türkiyədir. Bir neçə gün bundan əvvəl Sizin Azərbaycana səfəriniz çərçivəsində Zəngilan Beynəlxalq Hava Limanının, “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin açılışında iştirakımız, bir sıra mühüm infrastruktur layihələrinin təməlini birgə qoymağımız qardaşlıq münasibətlərimizin sarsılmaz ənənələrinin bariz ifadəsidir”, – Prezident İlham Əliyev qeyd edib.