Polietilen torbalar bu günə qədər də pulla satılırmış – Diqqətinizdən belə qaçıb

“Elə bilirdiniz ki, marketlərdəki polietilen torbalar bu günə qədər havayı verilirdi? Xeyr, elə şey yoxdur. Marketlərdə tavanda yanan lampalardan tutmuş, havayı hesab etdiyiniz torbalara qədər hər şeyin xərci satılan məhsullar üzərinə paylanaraq istehlakçılara ötürülür”.

Globalinfo.az  xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Eldəniz Əmirov yazıb.

“Maya dəyərinə nələrin daxil olduğuna baxın: məhsulun maya dəyərinə istehsal prosesində istifadə olunan təbii ehtiyatların, xammalın, materialın, yanacağın, enerjinin, əsas fondların, əmək ehtiyatlarının qiymətləndirilmiş dəyərini, həmçinin onların istehsalına və SATIŞINA SƏRF EDİLƏN DİGƏR MƏSRƏFLƏR daxildir.

Torbanın xərci də böyük hərflərlə yazdığım sonuncu hissədə gizlənirdi. İndi bu xərci sadəcə çek üzərində 3-5 qəpik göstərəcəklər ki, insanlar məsuliyyətli olub, torbalardan lazımlı-lazımsız istifadə edib, təbiətə tullamasınlar. Torbalar nisbətən ekoloji tələblərə uyğun olsun, insanlar da daha səmərəli istifadə etsin.

Əlqərəz, bu günə qədər torbanın qiyməti çek üzərində yazılmadığına görə elə bilirdik ki, market sahibi cibindən bizə polietilen torba alır. Xeyr, elə şey yoxdur. Sadəlövh olmayın. Bu dünyada yalnız valideynin övladına olan məhəbbəti havayıdır, qalan heç nə havayı deyil”, – o bildirib.

Zaira Akifqızı
Globalinfo.az