Pezeşkianın andiçməsini kim qana boyadı? – Qətldə diqqətçəkən detallar

HƏMAS lideri İsmayıl Haniyənin İranın paytaxtı Tehran şəhərində öldürülməsi ciddi müzakirələrə səbəb olub. Belə ki, HƏMAS rəhbərinin Tehrandakı iqamətgahının raket atəşinə tutulması sonrası ekspertlər ikiyə bölünüb. Bəzi ekspertlər düşünür ki, onu İsrail öldürüb. Bununla belə, HƏMAS liderinin İran tərəfindən öldürüldüyünü iddia edən ekspertlər də var.

Reallıq necədir? İsmayıl Haniyəni kim öldürüb? İsrail yoxsa İran?

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, hadisə İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçməsindən dərhal sonra oldu:

“Bu, iki nöqtəyə fikri cəmləşdirir:

– Kəşfiyyat orqanları İrana gələn nümayəndə heyətləri arasında “casus axtarışına” başlaya bilər;

– Elə İsrailin də məqsədi İranı bu istiqamətə yönləndirməkdir. Çünki bununla İsrail İranın təhlükəsizlik cəhətdən boşluqlarla dolu ölkə olduğunu göstərir, Tehranın xarici dövlətlərlə əlaqələrində əhəmiyyətli maneə yaratmağa çalışır.

İsmayıl Haniyə İranın Yaxın Şərqdəki arzusunda olduğu məhdud güzəşt siyasətinin qurbanı ola bilər. Yəni İran beynəlxalq aləmlə əlaqələrini cilalamağa çalışdıqca, onun qarşısında Yaxın Şərqdə sədd qoyulur.

Aqşin Kərimov

İran ola bilsin ki, qapalı görüşlərdə müəyyən kompromis əlamətlərini göstərib, lakin gerçəklikdə o, böyük ölçüdə regional siyasətini redaktə edən deyildi.

Hər halda, bu versiyalar gündəmdədirsə, Haniyənin öldürülməsi səbəbləri İranın daxili arenasında da axtarıla bilər (güclü arqument deyil).

İsmayıl Haniyədən sonra HƏMAS-ın müqaviməti qırıla bilər. İran Yaxın Şərqin Fələstin-İsrail cəbhəsində problemlərlə üzləşəcək, amma HƏMAS-ın təməlləri onun qısa müddətdə yenidən təşkilatlanması ehtimallarını gücləndirir.

Türkiyə də HƏMAS liderini qoruya bilmədi. Beləcə İsrail həm də Türkiyənin HƏMAS-ın təhlükəsizlik çətiri olmadığı fonunu yarada bildi. Bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə hədə olaraq səsləndirdiyi “biz Qarabağa, Liviyaya necə girdiksə, bunun eynisini onlara da edərik” məlum bəyanatından sonraya təsadüf etdi.

Türkiyə amilində üç məsələ gündəmə gəlir:

Ərdoğan böyük ehtimalla Türkiyənin Yaxın Şərqdə kəşfiyyat imkanlarının və hərəkatları idarə edə bilmək potensiallarının güclənməsinə istinad edirdi.

İsrail üçün bu, qəbuledilməz olduğundan Haniyənin qətli ilə Türkiyəyə cavab vermiş oldu.

Beləliklə, Türkiyənin İranla kəşfiyyat sahəsində güclü əməkdaşlığı və məlumat mübadilələri üçün şərait yaranmış olur”.

Politoloq Şahin Cəfərli isə deyib ki, HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən bir neçə saat əvvəl Beyrutda “Hizbullah”ın məşhur liderlərindən biri Fuad Şükrü İsrailin raket zərbəsi ilə aradan götürülüb:

Şahin Cəfərli

“Tehranda İ.Haniyənin qaldığı evin də raketlə vurulduğu iddia olunur. O, yeni prezident Məsud Pezeşkianın andiçmə mərasiminə qatılmaq üçün İranda idi.

Haniyənin qətli istər raket zərbəsiylə, istərsə sui-qəsdçilər tərəfindən həyata keçirilmiş olsun, fərq etməz. Bu hadisə İsrail kəşfiyyatının İran içərisindəki imkanlarını və rahat məlumat əldə etmə bacarığını, İran kəşfiyyatının və təhlükəsizlik sisteminin isə ciddi problemlərini bir daha ortaya qoyur.

Onu da xatırladaq ki, bu ilin aprelində Qəzzada İ.Haniyənin 3 oğlu və 4 nəvəsi İsrail aviasiyasının raket zərbəsi ilə öldürülmüşdü.

İ.Haniyənin Türkiyə hökuməti ilə də yaxın münasibətləri var idi və cibində Türkiyə pasportu daşıyırdı”.

Turan Rzayev
Globalinfo.az