64b93342 9249 4eef 8ae1 365ffd6d4af4

İran Prezidenti Məsud Pezeşkiana qarşı klanların cəbhə almağa başladığı bildirilir. Onun seçkidən sonra konstitusiyada dəyişikliklərin olacağı ilə bağlı vədi artıq müqavimətlə üzləşib.

Bəzi ekspertlərin fikrincə, M.Pezeşkianın bu məsələdə işi çətindir. Çünki İran siyasi sistemində ona düşmən mövqeyi ilə seçilən şəxslərin sayı çoxdur.

İran prezidentinə qarşı bu cür müqavimətin olması nədən xəbər verir? M.Pezeşkian bu ağır və riskli dönəmdə vəzifəsini problemsiz icra edə biləcəkmi?

Globalinfo.az -a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan deyib ki, İranda hakimiyyət daxili çəkişmələr 1979-cu il fevral inqilabından sonra başlayıb:

“İranın keçmiş ali dini lideri Ruhullah Xomeyni, Hüseynəli Müntəziri və Məhəmməd Kazım Şəriətmədari arasında konstitusiya ilə bağlı ciddi ixtilaf vardı. Müntəziri və  Şəriətmədari deyirdi ki, İranın yeni konstitusiyasında dinin aparıcılığı qeyd olunmasın. Bundan başqa onlar həm dini hakimiyyətə, həm də ali dini lider institutuna qarşı çıxırdılar. Xomeyni isə israrla qarşı çıxılan bütün bu məsələlərin konstitusiyada əksini tapmasını istəyirdi. Sonda elə onun istədiyi də oldu. Bu mənada İran konstitusiyasındakı dəyişikliklər hər zaman gündəmdə olub”.

1 28
Sədrəddin Soltan 

Politoloqun sözlərinə görə, İran prezidentinin konstitusiya ilə bağlı təklifləri olsa da, son qərarı o vermir:

“Məsud Pezeşkianın konstitutsiya dəyişikliyi ilə bağlı təklifi ola bilər. Lakin məsələdə həlledici qərarı məhz İran ali dini lideri Əli Xameneyi verəcək. Hesab edirəm ki, Pezeşkian ilə bağlı məsələ həddən artıq şişirdilir. Bu istər İran, istərsə də bizim cəmiyyətdə çox böyük məyusluq yaradacaq. Çünki ondan səlahiyyətlərindən böyük işlər etməsi gözlənilir. Lakin o, nə qədər iş görsə də, ali dini liderin kölgəsindən çıxa bilməz. Odur ki, bu gün İranda Məsud Pezeşkian konstitusiyada dəyişikliklər, ya da buna bənzər nəsə edəcək tərzində yanaşmalar özünü doğrultmaya bilər”.

S.Soltan Pezeşkianın hələ rəsmi olaraq prezident fəaliyyətinə başlamadığını qeyd edib:

“M. Pezeşkian hələ and içməyib, hazırda prezident deyil. Bundan başqa o, hələ hökumət kabinetini belə formalaşdırmayıb. Heç hökumətinin görəcəyi proqramı da açıqlamayıb. Qarşıda Pezeşkianı ciddi işlər gözləyir. O, hökumət kabinetini formalaşdırmalı, bunu isə ali dini lider təsdiqləməlidir. Odur ki, Pezeşkian hazırda ciddi nə isə etmir. O, sadəcə qatıldığı dövlət tədbirlərində danışır. Özünün də dediyi kimi o, hələ nə edəcəyini, hardan başlayacağını bilmir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: