Paşinyanın “qaçqın” şousu alınmadı: Erməniləri məyus edən qərar

Ermənistan hakimiyyəti Qarabağdan qayıdan ermənilərə “qaçqın statusu” verəcəyini açıqlayıb. Rəsmi İrəvanın belə bir addım atacağı bəlli idi. Son günlər bir sıra ekspertlər də Ermənistanın bu varianta əl atacağını qeyd edirdi.

Maraqlıdır, Ermənistan Qarabağdan qayıdan ermənilərə “qaçqın statusu” verərək nəyə nail olmaq istəyir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ermənistanın Qarabağdan qayıdan ermənilərə “qaçqın statusu” verməsinin iki səbəbi var:

“Birincisi, rəsmi İrəvan Qarabağdan qayıdan ermənilərə “qaçqın statusu” verərək Azərbaycana qarşı siyasi təzyiq vasitəsi əldə etməyə çalışır. Belə ki, İrəvan gələcəkdə “qaçqınların qayıdışını” daim Bakıya qarşı təzyiq aləti kimi saxlamaq istəyir. Bundan başqa Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların geri qayıdışı məsələsində Bakının sərgilədiyi mövqe Ermənistanı ciddi narahat edir. Bu mənada “ermənilərin Qarabağa qayıdışını” irəli sürürlər.

Asif Nərimanlı

İkincisi, Ermənistan Qarabağdan qayıdan ermənilərə “qaçqın statusu” verərək dövlət büdcəsinə əlavə vəsait cəlb etmək istəyir. Belə ki, Qarabağdan qayıdan ermənilərə yardım adı altında artıq bir milyon avrodan çox yardım ayrılıb. Yeni yardımların ayrılması və bu məbləğin artması İrəvanın hədəfidir. Beləliklə, Ermənistan büdcəsinə xarici valyuta cəlb ediləcək. Həm də Ermənistan Qarabağdan gələn ermənilərə dövlət büdcəsindən yardım etməli olmayacaq”.

Ekspert bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın bütün səylərinə baxmayaraq ermənilərin “qaçqın statusu” beynəlxalq hüquqda təsbitini tapmır:

“Ümumiyyətlə qaçqın “irqi, dini, milli mənsubiyyəti, mənşəyinə görə təqib olunacağından qorxduğu üçün ölkəsinə qayıda bilməyən, yaxud qayıtmaq istəməyən şəxsə” deyilir. Bütün bu kriteriyalara Qarabağdan Ermənistana qayıdan ermənilər aid deyil. Onlar qovulmadıqları kimi öz istəkləri ilə Qarabağı tərk edib”.

Turan Rzayev
Globalinfo.az