“Şəki kəndində baş vermiş məlum hadisədən bir ay keçməsinə baxmayaraq, ictimaiyyət hələ də Azərbaycan hərbçisinin sərhədin hansı hissəsindən keçdiyini və hansı marşrutla kəndə gəlib çıxdığını bilmir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Tiqran Abramyan deyib.
O bildirib ki, bu müddət ərzində Milli Təhlükəsizlik Xidməti direktorunun müavini və Müdafiə Nazirliyinin ordu korpusunun komandir müavini vəzifələrindən azad edilib:
“Lakin onların vəzifədən kənarlaşdırılmasının Azərbaycan hərbçisinin hərəkətləri ilə əlaqəli olub-olmadığı, yoxsa başqa səbəblərdən qaynaqlandığı hələ də məlum deyil.
Əminəm ki, səlahiyyətli qurumlar sərhədin qanunsuz keçilməsindən tutmuş mülki şəxslərə qarşı hücuma qədər hadisənin təfərrüatlarını, ən azı ümumi şəkildə, bilirlər. Lakin mövzunu ört-basdır etməyə çalışırlar”.
Xatırladaq ki, 2026-cı il oktyabrın 1-də Azərbaycan vətəndaşı, hərbçi Nəsimi Musayev Ermənistanın Sünik vilayətinin Sisian icmasına daxil olan Şəki kəndində saxlanılıb. Ermənistan tərəfinin iddiasına görə, o, 6-cı küçədə yerləşən 20 nömrəli evə qanunsuz daxil olub və aşkar edildikdən sonra odlu silahdan atəş açıb.
Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin beş maddəsi üzrə cinayət işi başlanıb. Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Əliyar Xəlil
Globalinfo.az