Paşinyanın devrilməsinə start verildi – Təlimat hardan gəlib?

İrəvanın mərkəzində Paşinyanın istefası tələbi ilə mitinqlərin keçirilməsi Ermənistanda birmənalı qarşılanmayıb. Cəmiyyətdə müəyyən suallar yaradıb. Xüsusilə, bu cür mitinqlərin nə qədər effektiv olacağı və təlimatların haradan verildiyi ilə bağlı məsələlər olduqca böyük maraq doğurub. 

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Vaqif Hüseyn bildirib ki, Paşinyana qarşı etirazlar hər zaman olub və aksiyalar gözlənilən idi:

“Bu gün “miatsum” hərəkatının başlandığı gündür. Aksiyanı məhz buna görə keçirirlər. Amma Paşinyanın nüfuzunun cəmiyyət içərisində o dərəcədə zəiflədiyini düşünmürəm. Oradakı müxalifət isə revanşizm meylləri ilə gündəmdədir. Odur ki, seçkidən başqa bütün yollarla Paşinyanı devirməyə çalışırlar. Onların bu cür aksiyalarla nə qədər irəli gedəcəyini isə zaman göstərəcək”.

Politoloqun sözlərinə görə, Ermənistanda təlimat verəcək bir xarici qüvvə var, o da Rusiyadır:

“Onların başqa xarici qüvvəsi yoxdur. Odur ki, Paşinyanın devrilməsi ilə bağlı təlimatın Rusiya tərəfindən verilməsi mümkündür. Hərçənd bu cür aksiyaların geniş və davamlı xarakter alacağı inandırıcı görünmür. Sadəcə, danışıb sonra da dağılacaqlar. Amma bu, təlimatdırsa, o zaman göstərişlərin necə veriləcəyi xüsusi önəm daşıyacaq”.

Əliyar Xəlil
Globalinfo.az