“Hayeli Armenia” ABŞ-ın Kaliforniya ştatında baş verən yanğınlar nəticəsində Ermənistanın Baş naziri Nikol Paşinyan və parlamentin spikeri Alen Simonyanın malikanələrinin yandığına dair məlumat yayıb.
Globalinfo.az xəbər verir ki, nəşr hər iki İrəvan rəsmisinin ştatın müxtəlif bölgələrində mülklərinin olduğunu iddia edib.
Kaliforniyada yaşayan ermənilərin Paşinyan və Simonyanın yanan mülklərinin videosunu paylaşdığı bildirilib.
Nəşr yazır ki, baş nazir və parlament spikerinin evləri bunker və yüksək səviyyəli təhlükəsizlik avadanlıqları ilə təchiz edilib. Hətta Simonyanın Malibuda yeni tikilmiş evində çox bahalı sənət əsərlərinin olduğu, lakin bütün malikanənin içindəkilərlə birlikdə külə çevrildiyi bildirilib.
Paşinyanın isə məşhur Beverli Hillsdə dəbdəbəli malikanə aldığı, onun da zərər gördüyü iddia edilir.
Alen Simonyan yayılan məlumatlara “Telegram” kanalında münasibət bildirib.
“Mənim heç nədən xəbərim yoxmuş. Deyirlər ki, Kaliforniyada evim yanıb. O, yeni tikilmiş, çoxmərtəbəli bir malikanə olub. Hətta içində bunker varmış. Kaliforniyada, Los-Ancelesdə bunker nəyə lazımdır? Yəqin ki, bu, nüvə müharibəsi üçün olar. Əgər bunker olubsa, o zaman necə yanıb, külə çevrilib? Bəs bizim evimiz Kanadada idi?”, – Simonyan qeyd edib.
Ayşən Mustafa
Globalinfo.az