“Rusiya sülhməramlı qoşunları Laçın “dəhliz”ini nəzarətdə saxlamalı və onun normal fəaliyyətini təmin etməlidir. Rusiyadan başqa heç kim ora nəzarət etməməli, Azərbaycan “dəhliz” vasitəsilə nəqliyyatın sərbəst hərəkətinə mane olmamalıdır”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında deyib.
O, növbəti dəfə təxribat xarakterli açıqlama verərək, “Xankəndi-Bakı arasında beynəlxalq format çərçivəsində danışıqlar”dan bəhs edib.
“Ermənistan ilə Azərbaycan arasında mümkün sülh müqaviləsinə gəlincə, aydındır ki, o, başadüşülən və effektiv icra təminatları sisteminə və mübahisələrin həlli mexanizmlərinə malik olmalıdır. Sərhədin delimitasiyası parametrləri aydın şəkildə qeydə alınmalı və hər hansı eskalasiyanın qarşısını alan mexanizmlər tətbiq edilməlidir”, – N.Paşinyan əlavə edib.
Qeyd edək ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Zaira Akifqızı
Globalinfo.az