Ermənistanda seçkilər yaxınlaşdıqca siyasi ritorika daha da sərtləşir və cəmiyyət daxilində fikir ayrılıqları dərinləşir. Bir tərəfdən baş nazir Nikol Paşinyanın Ağrı dağının Ermənistana mıəxsus olmadığı fikrini müdafiə edir və ölkənin simvolu kimi görülməsinin yanlış olduğunu deyir, digər yandan isə keçmiş prezidenti Robert Köçaryan Qarabağdan köçən ermənilərin geri qayıtmalı olduğunu bəyan edir.
Ziddiyyətli yanaşmalar fonunda Ermənistan daxilində siyasi gərginliyin artdığı müşahidə olunur.
Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, Azərbaycan Vətən müharibəsindəki şanlı qələbə ilə sadəcə işğal edilmiş torpaqlarını azad etmədi, həm də Ermənistan hakimiyyətinə sağlam düşüncə qabiliyyəti bəxş etdi:
“Azərbaycan onları reallıqları dərk etməyə və dövlət siyasətini, o cümlədən erməni milli kimliyini “Real Ermənistan” tezisi üzərində yenidən inşa etməyə sövq etdi. Paşinyan və çevrəsi Azərbaycanın yaratdığı yeni regional geosiyasi reallıqlar çərçivəsində Ermənistan dövlətinin varlığını qorumağın yeganə yolunu erməni milli kimliyinin transformasiyasında gördü. Odur ki, ötən illərdə bu istiqamətdə bir sıra vacib addımlar atılmaqdadır.
Öncəliklə erməni xalqının və dövlətinin tarixi yalan olan “Böyük Ermənistan” iddiasından imtina etməsinin daha faydalı olacağı, regional sülh və sabitliyin vacibliyi istiqamətində siyasi-ideoloji maarifləndirmə işlərinin başda Parlament kürsüsü olmaqla geniş müstəvidə aparılmasına başlanıldı. Həmçinin bu çərçivədə müvafiq inzibati addımlar atıldı.
Məsələn, 1 noyabr 2025-ci ildən etibarən Ermənistanın gömrük-keçid məntəqələrindəki ştamplardan Ağrı dağının şəkli yığışdırıldı. Paşinyan öz çıxışlarında Ağrı dağının erməni dağı kimi şagirdlərə öyrədilməsinin yanlış olduğunu, Ermənistanın ən hündür zirvəsinin Ararat deyil, Aragat dağı olduğunu bildirdi. Beləliklə, bir hərf dəyişikliyi əslində böyük ideoloji dəyişikliyin başlanğıcı idi. Bu ildən isə Ermənistanın ümumvətəndaş passportları tamamilə yeni dizaynda istifadəyə verilib və artıq Ağrı dağı bu sənəddən də götürülüb. Başqa sözlə, Ermənistan iqtidarı cəmiyyəti tarixi həqiqətləri olduğu kimi qəbul etməyə, miflərdən uzaqlaşmağa səsləyir. Xalqın buna yekun reaksiyası Konstitusiyalarından tarixi ərazi iddialarının çıxarılması barədə referendumda bəlli olacaq. Belə ki, 7 iyunda keçiriləcək parlament seçkilərindən sonra Konstitusiya dəyişiklikləri üzrə referendum gözlənilir. Bu fonda Ermənistanın ənənəvi işğal-revanş siyasətinin davamçıları aktivləşməkdədirlər”.

Şəhla Cəlilzadə
Siyasi şərhçi bildirib ki, onlar seçkilərdə iştirak edərək hakimiyyətə geri qayıtmağa çalışmaqla yanaşı, diasporla birlikdə dünya ictimaiyyətinin gündəmində saxta erməni tezislərini və tarixi yalanlarını üstə çıxarmağa çalışırlar.
“Onların hazırki çağırışları arasında Qarabağ ermənilərinin geri dönüşü məsələsi əsas yer tutur. Təsadüfi deyil ki, seçkilərə qatılan və daşnak ermənilərinin təmsilçisi olan Köçəryan bu yaxınlarda, “Qarabağ ermənilərin geri dönüşünü reallaşdıra bilərik”, – deyə açıqlama verib. Onun və revanşistlərin erməni cəmiyyətinə sülh və rifah bəxş etməsi qətiyyən mümkün deyil. Onun sözləri gələcək yeni iddiaların təməli kimi dəyərləndirilməlidir. Bu fonda Köçəryana Qərbi azərbaycanlıların da geri qayıtmaq haqlarının olduğunu bildirmək lazımdır.
Təsadüfi deyil ki, yeni sülh erası elan edən Paşinyan, hər iki qayıdış mövzusunun qarşılıqlı formada gündəmdən çıxarılmasını sülh və sabitliyi qorumağın yolu olaraq təklif edib. Onun siyasi gündəliyi Azərbaycan və Ermənistana, o cümlədən Türkiyə və Ermənistana münasibətlərə yeni səhifədən başlamağa imkan verir. Elə bu mənada hazırda Ermənistana Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin səfəri tarixi və simvolik məna daşıyır. Bakıdan İrəvana ən yüksək səviyyəli, Qafqazda sülh və qonşuluq münasibətləri çərçivəsində səfərlər hələ Sovet dövründə Azərbaycan SSR-in rəhbəri Heydər Əliyev və Ermənistan SSR-in rəhbəri Karen Dəmirçyan arasında baş tutub.
Bundan sonrakı dövrdə ermənilərin Qarabağ iddiasının qabarması ilə birlikdə iki dövlət arasında qonşuluq münasibətlərinin mərhələli şəkildə düşmənçiliyə transformasiyası baş verdi. Biz baş nazir Nikol Paşinyan və Prezident İlham Əliyevin liderliyində münasibətlərin yenidən sağlam qonşuluq dövrünə keçidinə şahid olmaqdayıq. Qarşıdakı seçkilər müvafiq yeniliklərin davamlı olub-olmamasını müəyyən edəcək”.
Turan Rzayev
Globalinfo.az