Qarabağa qanunsuz girən Rubtsov – Putinin qarşıladığı casus Xankəndidə nə edib?

ABŞ və Rusiya arasında baş tutan məhbus mübadiləsi zamanı Moskvaya ekstradisiya edilən və Prezident Vladimir Putinin şəxsən qarşıladığı şəxslərdən biri də Pavel Rubtsovdur. 

Globalinfo.az xəbər verir ki, Pablo Qonzales adı ilə tanınan P.Rubtsov 2022-ci ildə Ukraynada başlayan müharibənin dördüncü günündə Polşa ilə sərhəddə həbs edilib.

Polşa və İspaniya vətəndaşlığı olan Qonzales bir neçə il gizli şəkildə hərbi jurnalist kimi çalışıb. Bu müddətdə Rusiya müxalifətçiləri ilə ünsiyyətdə olub və “onlar haqqında Moskvaya məlumat ötürüb”.

Ukraynada müharibənin başladığı zaman Polşadan buraya keçmək istəsə də, sərhəddə saxlanılıb. İki il Polşada təkadamlıq kamerada qalıb. Həbs müddətində kəşfiyyat xidməti və hüquq mühafizə orqanlarını casus olmadığına, sadəcə jurnalist kimi qaynar nöqtələrdə çalışdığına inandırmağa çalışıb. Dnestryanı, Kosovo, Qarabağ kimi bölgələrdə olduğunu deyib.

O, 2020-ci ildə müharibə zamanı qeyri-qanuni şəkildə Qarabağa gəlib. Keçmiş qondarma rejimin nümayəndələri və erməni sakinlərin inamını qazanıb.

Maraqlıdır ki, P.Qonzales-Rubtsov 2020-ci il oktyabrın 23-də İspaniyanın EFE xəbər agentliyinin müxbiri kimi Ermənistanın Baş naziri Nikol Paşinyandan müsahibə alıb. Müsahibədən açıq-aydın görünür ki, o, daim Rusiyanın münaqişənin həllindəki roluna istinad edir. Paşinyana “Sizcə, Qarabağdakı müharibəni Rusiya, yoxsa Qərb dayandıra bilər?”, – kimi suallar ünvanlayıb. Hətta müsahibədən sonra ikilinin bir müddət söhbət etdiyi bildirilir. Lakin baş nazirin “rus casusu” olaraq tanınan jurnalistlə nə danışdığı hələ də məlum deyil.

Ayşən Mustafa
Globalinfo.az