“Ermənistanın KTMT-də qalması üçün səbəb yoxdur. Bu ölkə KTMT-dən istəyini ala bilmədi. Rusiya ilə münasibətləri isə ümumiyyətlə pisdir. Belə olan təqdirdə Ermənistanın Qərbə inteqrasiyası daha da sürətlənəcək”.
Bu sözləri Globalinfo.az-a politoloq Ramiyə Məmmədova Ermənistan Baş naziri Nikol Paşinyanın “Voll Strit Jurnal”a müsahibəsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistan cəmiyyətində belə bir fikir formalaşıb ki, Rusiya 44 günlük İkinci Qarabağ müharibəsi və sonrasında Ermənistana yox, Azərbaycana dəstək verdi:
“Həm müxalifətdə, həm də iqtidarda bu fikir hakimdir. Xüsusilə KTMT-nin Ermənistana yardım etməməsi erməni ictimaiyyətinin tez-tez dilə gətirilir.
KTMT üzvü olan ölkələrin əksəriyyəti Azərbaycanla müsbət əlaqələrə malikdir. Yəni bu ölkələr Ermənistan üçün Azərbaycanla münasibətləri pisləşdirmək istəmirlər. Təsadüfi deyil ki, KTMT ölkələrinin əksəriyyəti 44 günlük müharibədən öncə bildirmişdi ki, müharibədə haqlı tərəf Azərbaycandır.
Paşinyan və onun tərəfdarları Qərbə yönəlib. Fransanın ABŞ-ın Aİ-nin dəstəyi açıq şəkildə görünür. Bu da azmış kimi Paşinyan Rusiya əleyhinə çıxışlar edir. Elə “Voll Strit Jurnal”a müsahibəsi də böyük ölçüdə buna həsr olunmuşdu.
Ermənistan bu gün özünü KTMT-də yalnız hiss edir. Belə olduğu üçün də Ermənistanın bu təşkilatda qalıb-qalmaması sual altındadır. Rəsmi İrəvan təşkilatı tərk etmək, Qərbə inteqrasiyanı daha da sürətləndirmək istəyir. Paşinyan müsahibəsində bunun siqnallarını verdi”.
Turan Rzayev
Globalinfo.az