Pasinyan Eliyev

Paşinyanın bugünkü açıqlamaları göstərir ki, İrəvanda artıq Azərbaycanla danışıqlar məsələsində yekun prosesə hazırlıq gedir.

Ermənistan baş naziri bunları dedi:

– Öz əramizi Ermənistan SSR çərçivəsində qəbul etməliyik;

– Başqa ölkələrin ərazilərinə iddiadan imtina etməliyik;

– Vətənpərvərliyə yanaşmamız dəyişməlidir;

– Ordunun düşüncəsi dəyişməlidir;

– Azərbaycan və Türkiyə ilə münasibətlərimiz düzəlməlidir.

Faktiki olaraq Paşinyan bundan sonra atacağı addımların anonsunu verir. Yəni Ermənistan hakimiyyəti 2020-ci ildən sonrakı dönəmdə başlatdığı prosesi həlledici və daha aktiv mərhələyə çatdırıb. Paşinyan ermənilərin mentalitetini dəyişir. Bu isə Azərbaycanla Ermənistan arasında olan konfliktdə çox böyük şey deməkdir. Mentalitetin dəyişməsi faktiki iki ölkə arasında konflikti bitirməyin 80%-ni həll etmək, ermənilərin 100 ildə türklərə mövcud yanaşmasını tam dəyişmək, diasporanın İrəvan üzərində mövcudluğunu bitirmək, Rusiyanın Ermənistandakı mövcudluğunu bitirib normal dövlət qurmaq prosesinə keçid deməkdir. Paşinyan sona qədər buna nail olacaqmı? Bugünkü açıqlamaları göstərir ki, qətiyyətlidir və işin böyük hissəsini görüb.

Digər tərəfdən “öz ərazilərimizi Ermənistan SSR çərçivəsində qəbul etməliyik” o deməkdir ki, “biz faktiki Qarabağdan imtina edirik, Qazaxın 7 kəndindən, Kərkidən imtina edirik (imtina etməsə belə, barter məsələsi gündəmə gələ bilər. Bu məsələ onsuz da daima gündəmdə olub)”. Açıqlamanın xüsusilə Dığ kəndindəki son toqquşmadan sonra verilməsi göstərir ki, Ermənistan faktiki Azərbaycanla sülh sazişinə hazırlaşır. Amerikalıların məhz bu fonda Ermənistanda olmasını da bunu üzərinə gələndə cari ildə böyük dəyişikliklərin olacağı ehtimalı artır. Hələlik dəqiq olan budur ki, iki ölkənin liderinin görüşünün Vaşinqtonda keçirilməsi şansı daha çoxdur. Görünür, hadisələr razvyazka mərhələsinə daxil olmağa hazırlaşır, amma Moskvanın bütün olanlara necə reaksiya verəcəyi hələlik sual olaraq qalır. Ən azından Moskva Paşinyanın açıqlamasından öncə iki dəfə özünün təsir agentləri vasitəsilə təxribat etməklə İrəvana mesajını göndərib. Bu təxribatlar davam edəcəkmi? Həlledici anda Ermənistanda yenə böyük təxribat yaşanacaqmı? Bunları zaman göstərəcək. Amma görünür, İrəvan bu açıqlamalar fonunda olacaqlara da hazırlaşır. Ona görədir ki, il başlayandan erməni baş nazir ordunu təmizləməyə çalışır və bütün zərbələrini ona endirir. Bu isə Moskvanın rıçaqlarından ən güclüsünü bitirməyə oynamaq deməkdir.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: