Cərimələr artır, bu qurum isə deyilənləri eşitmək istəmir – Nə baş verir?

1000043420

Ölkədə cərimələr artır, narazılıq çoxalır, tənqid şiddətlənir. Amma Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ortaq məxrəcə gəlmək istəmir. Sıravi insanlar, tanınmış simalar, mütəxəssislər bu qədər narazılıqları dilə gətirir, cərimələrlə bağlı yumşalmanın olmasını tələb edir, amma buna fikir verilmir. Məsələ bir neçə dəfə Milli Məclisdə də müzakirə edilib. Deputatlar da bu məsələdə bəzi məqamlara irad bildiriblər. 

Bəs qədər narazılıq niyə qulaqardına vurulur? 

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədovun fikrincə, insanlar qaydaları pozmamağa və cərimə olunmamağa çalışmalıdırlar.

Ceyhun Memmedov

Ceyhun Məmmədov

O deyib ki, cərimələrin artırılmasının əsas hədəf və məqsədi insanları eyni əməlləri törətməkdən çəkindirməkdir:

“Bu, bütün dünyada gedən prosesdir. Dünyada bir sıra hallarda cərimələri artırırlar ki, insanlar eyni səhvləri təkrarlamaqdan, eyni qaydaları pozmaqdan çəkinsinlər. Hesab edirəm ki, bizim insanların da məsələyə yanaşması belə olmalıdır. Çalışmalıyıq ki, qaydaları pozmayaq və cərimələr də bizə tətbiq olunmasın. Əgər insanlar cərimə olunmaq istəmirlərsə, bunun üçün onlar qaydaları pozmamalıdırlar”.

Deputatın fikrincə, hər hansı narazılıqlar varsa, aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmalıdır:

“Adətən Milli Məclis gələn sənədlərə baxaraq, qurumların mövqeyini nəzərə alaraq müəyyən qanun qəbul edir və bu prosesdə öz rolunu oynayır. Etirazlarla bağlı məsələyə gəldikdə isə fikrimcə, insanlar qaydaları pozmamağa çalışmalıdırlar ki, nəticədə cərimə olunmasınlar. Burada əsas hədəf və məqsəd vətəndaşları bu əməllərdən çəkindirməkdir. Cərimələr təsiredici olmalıdır. Belə olmadıqda təkrar qayda pozuntuları baş verə bilər. Burada qəbul edilən qərar, atılan addımlar da bunların qarşısını almaq üçündür”.

Zaira Akifqızı

Globalinfo.az