“Əgər biz millət olaraq birlikdə addımlamasaydıq, çoxsaylı çətinlikləri aşa bilməzdik. Bütün sınaqlardan, ağır zamanlardan keçərək bu günümüzə gəlib çıxmışıq. Keçmişin faciələri bizi dağıtmayıb, əksinə, gücləndirib. Proqnozlara görə, imperiya dağılandan sonra yalnız güclü müttəfiqlərə arxalanan xalqlar ayaqda qala biləcəkdi. Bu reallığı ən yaxşı dərk edənlərdən biri də Rusiya, həmçinin Azərbaycandır. Lakin həmin dövrdə hakimiyyət uğrunda mübarizə aparan qüvvələr xalqı parçalamağa çalışırdı. Belə məqamda xalqa yol göstərən liderə ehtiyac var idi”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar iclasında deputat Səyyad Aran deyib.
Deputat bildirib ki, 1991-ci ildən başlayaraq Azərbaycan xalqının tarixi yolunda dönüş baş verdi:
“ABŞ-da belə Azərbaycanın mövqeyinə diqqət artmağa başladı. Mən dəfələrlə şahidi olmuşam ki, xarici ölkələrdə həqiqətlərimizi izah edəndə jurnalistlər heyrətlə qulaq asır, gözləri ilə görmək istəyirdilər. Çünki Azərbaycan həqiqətləri onların təsəvvür etdiklərindən tam fərqli idi.
Xalqın xoşbəxtliyi yalnız bugünkü rifahla deyil, həm də gələcək siyasi varisin kimliyi ilə bağlı idi. O dövrdə məktublarında, çıxışlarında bu məsələlərə toxunan liderimiz özündən sonra gələcək yeni nəsil rəhbərə də inam ifadə edirdi.
Prezident İlham Əliyev Avropanın tanınmış liderlərindən birinə çevrildi. Onun fəaliyyətini Avropanın bir çox dövlət başçıları yüksək qiymətləndirirdilər. Serbiya prezidenti, Macarıstanın xarici işlər naziri, Slovakiyanın baş naziri və digərləri dəfələrlə İlham Əliyevin rolunu xüsusi vurğulayıblar. Hətta Avropanın bəzi liderləri Bakıya gələndə onunla görüşmək, əl sıxmaq və birlikdə şəkil çəkdirmək üçün növbəyə dayanırdılar. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi idi”.
İlham Əliyevin bütün fəaliyyəti Azərbaycanın müstəqilliyinə, inkişafına və dünyada layiqli yer tutmasına yönəlib.
“Elə buna görə də ABŞ Prezidenti Donald Tramp onun fəaliyyətini yüksək dəyərləndirərək, nümunəvi və qürurverici adlandırıb.
Sokratın bir fikri var: “Danış, səni görüm.” 8 avqustda Vaşinqtonda İlham Əliyevin çıxışı sadəcə bir nitq deyildi, əslində, onun zəkasının, məntiqinin, təmkininin təcəssümü idi. Bu, ABŞ prezidentinin diqqətindən yayınmadı və Tramp onunla əməkdaşlığa böyük maraq göstərdi.
Əlbəttə, İlham Əliyevin bu uğurları təsadüfi deyildi, bu, onun liderlik keyfiyyətlərinin, siyasi uzaqgörənliyinin nəticəsidir. Bu gün Azərbaycan Prezidenti fəaliyyətinin zirvəsindədir. O zirvədən enməmək, orada qalmaq isə Prezidentin haqqıdır. Çünki zirvədə olmaq ona yaraşır”.
Safura Bənnayeva
Globalinfo.az