Şoltsun Əliyevə zənginin pərdəarxası – Yanlış aradan qaldırılır

“Almaniya kansleri Olaf Şolts oktyabrın 4-də Prezident İlham Əliyevə zəng etməklə sanki demək istəyib ki, “Mən Fransa Prezidenti Emmanuel Makron kimi ermənipərəst deyiləm”.

Bu sözləri Globalinfo.az-a politoloq Elxan Şahinoğlu Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, telefon zəngi Azərbaycan Prezidentinin İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina etməsindən bir neçə saat sonraya təsadüf edib:

“Şolts İlham Əliyevlə telefon söhbətində region ölkələrinin ərazi bütövlüyü və suverenliyinə Almaniyanın dəstəyini ifadə edib. Almaniya kansleri BMT-nin ölkəmizdəki rezident əlaqələndirici missiyasının Azərbaycanın Xankəndi şəhərinə səfərinin müsbət addım olduğunu deyərək bunu yüksək qiymətləndirib.

Görünür, Şolts anlayıb ki, Almaniya Cənubi Qafqazda fəal olmaq istəyirsə, Ermənistanla Azərbaycan arasında balansı pozmamalıdır, əks halda Berlin Paris kimi Azərbaycanı itirmiş olacaq. O ki qaldı Azərbaycan Prezidenti İlham Əliyevin Qranada görüşündən imtinasına, hesab edirəm, bu, doğru qərardır.

Elxan Şahinoğlu

Fransa və onun yedəyində sürünən Almaniya rəsmiləri ermənipərəst mövqelərini gücləndiriblər. Onlar balansı Ermənistanın xeyrinə pozduqlarına görə vasitəçi ola bilməzlər”.

Turan Rzayev
Globalinfo.az