
***09:30
Xəbər verdiyimiz kimi, avqustun 30-da günün ikinci yarısında Bakının Suraxanı rayonunda yanğın hadisəsi baş verib. İlkin məlumatda bildirilirdi ki, yanğın neft çənindən başlayıb.
Sonradan rəsmi xəbər yayıldı ki, yanğın Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində olub. Bu müəssisə SOCAR-ın tabeliyindədir.
Ətraflı videoda:
Dərhal beyinlərdə sual yarandı: bu, texnogen hadisədir, yoxsa, qəsddir?
Sual təsadüfən ortaya çıxmayıb. Bakıda keçirilən beynəlxalq tədbirlər öncəsi oxşar olaylara bir neçə dəfə şahidlik etmişik. Məsələn, 2015-ci ilin iyun ayının 12-də paytaxtımızda keçiriləcək Avropa Oyunları öncəsi (mayın 19-da) Binəqədi rayonunda, Azadlıq prospektində 16 mərtəbəli yaşayış binasında dəhşətli yanğın oldu. Bu hadisənin qəsdlə törədilməsinə dair iddialar var.
19 may 2015-ci il. Binəqədi rayonunda, Azadlıq prospektində 16 mərtəbəli yaşayış binasında dəhşətli yanğın olub
İddialara görə, Bakıda belə yanğınlar silsilə hal alacaqmış. Təxribatın davamlı ola biləcəyi ehtimal edildiyi üçün bu cür üzlüyü olan binalar 24 saat mühafizə altına alındı. Yanğınsöndürən maşınlar ərazidə keşik çəkməyə başladı. Paralel olaraq həmin üzlüklər təcili dəyişdirildi.
Sonradan ortaya çıxdı ki, fasada vurulan üzlüklər oda davamlı deyilmiş. Laboratoriya müayinəsindən sonra aşkarlandı ki, belə üzlükləri binalara vurmaq olmazmış.
Dünənki yanğın da COP29 qabağı təxribat ola bilərmi?
30 avqust 2024-cü il. Bakının Suraxanı rayonunda yanğın hadisəsi baş verib
Mümkündür ki, kimlərsə göstərməyə çalışar ki, Bakı ekoloji baxımdan təhlükəlidir. Çünki Qərb mediası Bakıda və ətrafında, eləcə də Xəzər dənizindən neft-qazın çıxdığını, bu səbəbdən də burda COP-la bağlı tədbir keçirməyin düzgün olmadığını əsas arqument kimi tirajlayır. Halbuki COP-un indiyə kimi keçirildiyi ölkələrin bəziləri neft ölkəsidir. Məsələn, COP28 Dubayda keçirilib. BƏƏ neft ölkəsidir. Azərbaycana qarşı hazırda qarayaxma kampaniyası aparan dairələr nədənsə belə vacib məqamları “unudurlar”.
Əliyar Xəlil
Globalinfo.az