“Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda. Bu bir humanitar fəlakət idi və biz təkbaşına qalmışdıq”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.
“Heç kim bizə kömək etmirdi, 1990-cı illərdə müharibədə də heç kim kömək etmirdi. Müharibədən sonra da heç kim kömək etmirdi. Biz bu çətinlikləri təkbaşına arxada qoyduq və bu gün ayaq üstündə möhkəm dayanmışıq. Azərbaycan xalqının iradəsi, Ulu Öndərə olan inamı, onun siyasi xətti bax, bütün bu uğurlu addımlara səbəb oldu.
Ona görə bizim qələbələrimizin başlanğıcı məhz Yeni Azərbaycan Partiyasının təsis qurultayı və ondan sonrakı dövr idi. Bəli, Azərbaycan 1993-2003-cü illər ərzində faktiki olaraq beynəlxalq təcriddən çıxdı. Çünki o vaxt işğala məruz qala-qala bizə qarşı sanksiyalar tətbiq edilirdi. Məhz AXC-Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyəti, o cümlədən xarici siyasəti nəticəsində. 907-ci maddəyə düzəliş o vaxt qəbul edilmişdi və bu günə qədər tam aradan qaldırılmayıb. Biz faktiki olaraq dünyada təcavüzkar kimi təqdim olunurduq. O səviyyəsiz AXC-Müsavat hakimiyyəti əlini ağdan-qaraya vurmadı ki, bunu dəyişdirsin. Yəni biz beynəlxalq təcriddən çıxmalı idik, öz mövqeyimizi bildirməli idik, haqlı olduğumuzu sübut etməli idik. Buna nə qədər vaxt lazım oldu. Nəhayət biz buna nail olduq”, – Prezident vurğulayıb.