manat 3

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət portalı vasitəsilə 42 milyon manatlıq vəsaiti leqallaşdırmaqda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Daha sonra təqsirləndirilənlər məhkəməyə vəsatətlər verərək, ev dustaqlığına buraxılmaları və işin Baş Prokurorluqdan alınaraq ibditai araşdırmaya qaytarılmasını, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə verilməsini məhkəmədən istəyiblər.

Qısa müşavirədən sonra məhkəmə tərkibi vəsatətlərin təmin olunmadığını bildirib.

Növbəti proses 30 oktyabr saat 15:00-a təyin olunub.

Xatırladaq ki, ibtidai istintaqı Baş Prokurorluqda aparılan cinayət işi üzrə ittiham olunanlar Azad Rəsulov, Şahin Mustafayev, Emin Hacıyev, Məhərrəm Hüseynov, Çingiz Cəfərli, Tural Qədirov, Anar Əhmədov, Vüsal Osmanov, Bəxtiyar Məmmədov, Xəyyam Hacıyev, Tərxan Şirinov yalançı sahibkarlıq subyektləri təsis etməklə 42 milyon manata yaxın vəsaiti leqallaşdırmaqda ittiham olunurlar.

İstintaqla müəyyən edilib ki, mütəşəkkil dəstənin fəaliyyətini vahid mərkəzdən idarə edən Çingiz Cəfərli və istintaqla şəxsiyyətləri müəyyən edilməyən qeyriləri dəstə halında 2021-2024-cü illər ərzində yalançı sahibkarlıq subyektləri olan hüquqi şəxsin və müəssisə kimi fəaliyyət göstərən fiziki şəxslərin faktiki rəhbərləri olaraq vəzifəli şəxs kimi müəyyən olunmayan ünvanlarda, vaxtlarda və texniki vasitələrlə Dövlət Vergi Xidmətinin veb səhifəsinə giriş edərək saxta əməliyyatlar aparıblar.

Dəstə üzvləri dövlət platforması olan, Dövlət Vergi Xidmətinin “www.e-taxes.gov.az” rəsmi internet səhifəsində guya malların real alqı-satqısı, xidmət göstərilməsi və iş görülməsi əməliyyatlarının aparılmasına dair 1 419 sayda saxta elektron qaimə-fakturalar, bildirişlər, müqavilələr, təhvil-təslim aktları və digər sənədlər tərtib edib informasiya resurslarına və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mütəşəkkil dəstə tərkibində vəzifə saxtakarlığı törədiblər.

Bununla da dəstə üzvləri tərəfindən əmlakın həqiqi xarakterinin, yerinin, onlara sərəncam verilməsinin, onların əmlaka olan hüquqların və onların kimə məxsus olmasının ört-basdır edilməsi və gizlədilməsi məqsədilə ümumilikdə 41 818 630.21 manat məbləğində maliyyə vəsaiti müxtli əqdlər həyata keçirilməklə leqallaşdırılıb.

Təqsirləndirilən dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 178.4, 193.3.1, 193-1.3.1, 193-1.3.2 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

Paylaş: