İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında fikir ayrılıqlarının kəskinləşdiyi bildirilir. Məlumata görə, Netanyahu Trampla qarşıdurmaya hazırlaşır. Liderlərin Qəzza və Livan mövzusunda fikir ayrılığı yaşadıqları bildirilir.
Həmçinin İsraildə keçiriləcək parlament seçkilərindən öncə Netanyahunun “ölkənin maraqları qurban verilir” ittihamı ilə Trampa qarşı mövqe tutmasının onun partiyasının reytinqini artıra biləcəyi düşünülür.
Tramp və Netanyahu arasında əslində nə baş verir? Ehtimal qarşıdurma nə ilə nəticələnəcə bilər?
Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Trampla Netanyahu arasında münasibətlər həmişə ziddiyyətli olub:
“Xüsusilə Qəzza, İran və Suriya məsələsində Netanyahunun ABŞ-ın maraqlarını nəzərə almaması, ABŞ-daki lobbi, xüsusilə Dünya Sionist Təşkilatındakı sağçılar vasitəsilə Trampa təzyiq etməsi və onu aşağılayan şantaj xarakterli açıqlamalarla gündəmə gəlməsi hazırda ABŞ-da güclü dayaqlara malik olan “öncə Amerikaçı”ların (MAGA) İsrail və sionist lobbiyə qarşı münasibətini kəskinləşdirib.
Digər tərəfdən noyabrda ABŞ-da, oktyabrda isə İsraildə parlament seçkiləri keçiriləcək. İranla müharibə nəticəsində respublikaçıların reyinqi ciddi şəkildə aşağı düşdüyü üçün Tramp İranla razılaşmaya gedərək, seçkinin taleyini xilas etməyə çalışır. Amma Netanyahu və komandası, xüsusilə Ben Qvir və Smotriç Livana və Qəzzaya hücumlarını davam etdirməklə prosesi sabotaj edir, nəticədə respublikaçıların maraqlarına zərbə vurur.

Əli Zülfüqaroğlu
Yəni son olaraq hər iki ölkədə baş tutacaq seçki prosesi maraq toqquşmasına, nəticədə ziddiyyətlərin dərinləşməsinə gətirib çıxarır.
İsrail hökuməti hesab edir ki, Trampın İranla razılaşmaya getməsi və Yaxın Şərq siyasətini Türkiyə ilə koordinasiya etməsi İsraildə seçkinin nəticələrinə həlledici şəkildə təsir edəcək. Ona görə də daimi düşmən və təhdidlərin davam etməsi ilə seçkinin nəticələrinə təsir etməyə çalışır. Bu isə ABŞ-da Tramp hökumətinin Qəzza və İranla bağlı nəticə əldə edə bilməməsi baxımından ictimai rəyə təsir edir, respublikaçıların şanslarını azaldır.
Bu da ABŞ-İsrail hökumətləri arasında münasibətləri daha da kəskinləşdirir. Görünən odur ki, ABŞ administrasiyası İsrail seçicisinə təsir etməklə Netanyahu koalisiyasından xilas olmağa çalışır, Təl-Əviv isə əksinə. Bu isə Türkiyənin mövqelərini gücləndirir və Yaxın Şərqdə təsir imkanlarını artırır.
Tramp Administrasiyası ilə müqayisədə Netanyahu hökumətinin durumu daha pisdir. Çünki Təl-Əviv ABŞ-da prezident seçkilərində Trampla anlaşaraq demokratlara qarşı fəaliyyət göstərmişdi və seçkinin nəticələrinə təsir etmişdi. Ona görə də ABŞ-da demokratların güclənməsi də Netanyahunu xilas etməyəcək. ABŞ-ın maraqlarının qurban verilməsi daxil olmaqla, Nəyin bahasına olursa olsun, Netanyahunun hakimiyyətdə qalmaqla xilas olmağa çalışması Tramp-Netanyahu ziddiyyətlərini daha da dərinləşdirəcək”.
Turan Rzayev
Globalinfo.az