İsrailin Baş naziri Benyamin Netanyahunun fevralın 11-də ABŞ-a səfər edəcəyi, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcəyi bildirilir.
Baş nazir səfərdən öncə Omanda baş tutan ABŞ-İran danışıqları ilə bağlı İsrailin mövqeyini açıqlayıb. O, İsrailin İranın nüvə proqramının tamamilə ləğvini, o cümlədən uranın sıfır səviyyədə zənginləşdirilməsini, bütün zənginləşdirilmiş materialların ölkədən çıxarılmasını və ciddi beynəlxalq nəzarətin tətbiqini tələb etdiyini söyləyib.
Əlavə tələblər sırasında İranın ballistik raketlərinin uçuş məsafəsinin 300 kilometrlə məhdudlaşdırılması və Tehranın regional proksi qruplara verdiyi dəstəyin dayandırılması da yer alır.
Netanyahu İsrailə hansı nəticələrlə dönəcək? Trampla görüş İran ətrafındakı vəziyyətə necə təsir göstərəcək?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Benyamin Netanyahunun fevralın 11-də ABŞ-a səfəri birbaşa İran ətrafında baş verən proseslərlə bağlıdır:
“Artıq ABŞ və İran nümayəndə heyətləri Omanda görüş keçiriblər. Qarşıdakı günlərdə növbəti görüşün baş tutacağı gözlənilir. ABŞ İranla nüvə sahəsində müəyyən əməkdaşlıq və ya saziş əldə etmək niyyətindədir. Bundan başqa, ballistik raket istehsalı məsələsi də var ki, bu mövzuda Vaşinqtonun mövqeyi prinsipialdır.

Oqtay Qasımov
Netanyahu Trampla görüşdə öz təhlükəsizlik narahatlıqlarını onun diqqətinə çatdıracaq. Birincisi, İsrail İranın nüvə proqramının tam dayandırılmasını istəyir. İkincisi, İranın ballistik raket istehsalının və raketlərin uçuş məsafəsinin məhdudlaşdırılması tələb olunur. Üçüncüsü tələb isə İranın Yaxın Şərqdə proksi qüvvələrə verdiyi dəstəyin dayandırılmasıdır.
Bu üç məsələ hazırda İsrail üçün prioritetlərdir və liderlərin görüşündə əsas müzakirə predmeti olacaq. İsrail tərəfi eyni zamanda ABŞ-ın diqqətinə çatdıracaq ki, əgər Vaşinqton bu tələblərin yerinə yetirilməsinə nail olmasa, Təl-Əviv birtərəfli qaydada yeni əməliyyatlara başlaya bilər. Lakin İsrailin bunu təkbaşına etməsi inandırıcı deyil və ABŞ-ın razılığı mütləqdir. Hesab edirəm ki, İsrailin tələbləri tam olmasa da, müəyyən qədər nəzərə alınacaq və ABŞ İranı razılaşmaya cəlb etməyə çalışacaq”.
Turan Rzayev
Globalinfo.az