“İran ətrafında baş verən proseslər getdikcə daha mürəkkəb və qeyri-müəyyən xarakter alır. Xüsusilə, əldə olunmuş 14 günlük atəşkəsin necə nəticələnəcəyi artıq əsas müzakirə mövzusuna çevrilib. Bu müddətin başa çatmasına sayılı günlərin qalması vəziyyəti daha da gərginləşdirir.”
Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Cavanşir Abbaslı deyib:
Siyasi şərhçi bildirib ki, atəşkəs müddətinin uzadılması ehtimalı var:
“Mövcud reallıqları nəzərə alsaq, bu ssenari kifayət qədər real görünür. Hətta atəşkəsin bir ay və ya 45 günədək uzadılması da mümkündür. Çünki tərəflərdən heç biri savaşı davam etdirməkdə maraqlı görünmür. Proseslərin necə inkişaf edəcəyini əvvəlcədən dəqiq proqnozlaşdırmaq çətindir.
Görünən odur ki, tərəflərdən heç biri geri addım atmaq istəmir və öz şərtlərində israr edirlər. Bu şərtlərin qarşılıqlı şəkildə qəbul olunmaması isə kompromisi çətinləşdirir. Belə olan halda, ya ABŞ, ya da İran müəyyən mənada məğlub kimi görünməlidir ki, bu da tərəflərin qəbul etmək istəmədiyi ssenaridir.

Cavanşir Abbaslı
Faktiki vəziyyət Tehran hökumətinin irəli sürdüyü əsas tələblərin hələ də reallaşmadığını göstərir. Tarixi təcrübəyə əsasən, qalib tərəf adətən öz şərtlərinin icrasına nail olur.
Xüsusilə, Hörmüz boğazı məsələsində ABŞ-ın sərgilədiyi sərt və ehtiyatlı mövqe, eləcə də İranın bu tələbləri qəbul etməməsi tərəflər arasında gərginliyi daha da artırır. Bu məsələdə güzəştə gedilməsi Vaşinqtonun üstünlüyü kimi qəbul ediləcək.
Proseslərin hansı istiqamətdə inkişaf edəcəyi böyük ölçüdə atəşkəs razılaşmasının bitməsindən sonrakı addımlardan asılı olacaq. Müddətin başa çatmasına isə 5 gün qalır”.
Turan Rzayev
Globalinfo.az