Nazirlik Pənah Hüseynin partiyası ilə bağlı qərar verdi – RƏSMİ

 

Bir müddət əvvəl Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn onun partiyasının qeydiyyata alınmaması ilə bağlı sosial şəbəkə üzərindən ictimaiyyətə məlumat vermişdi.

Globalinfo.az məsələnin mahiyyətini öyrənmək üçün 24 yanvar 2023-cü il tarixində Ədliyyə Nazirliyinə sorğu ünvanlamışdı. Lakin nazirlik sualımızı bu gün cavablandırıb.

Sorğuya cavabda bildirilir ki, 11.01.2023-cü il tarixdə qüvvəyə minmiş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təsis yığıncağının keçirildiyi tarixdən 30 gün müddətində partiyanın səlahiyyətli şəxsi Ədliyyə Nazirliyinə ərizə ilə müraciət edərək təsis yığıncağının protokolunu, partiyanın nizamnaməsini və proqramını təqdim edir:

“Ədliyyə Nazirliyi ərizənin daxil olduğu tarixdən 30 gün müddətində sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə partiyaya bu barədə məlumat verilir.

Partiyanın səlahiyyətli şəxsi həmin məlumatı aldıqdan sonra 180 gün müddətində partiya üzvlərinin qanunvericiliklə nəzərdə tutulmuş saya çatdırılması üçün tədbirlər görür və üzvlərin reyestrini tərtib edir. Bu müddət bitəndən sonra 10 gündən gec olmayaraq siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna uyğun olaraq Ədliyyə Nazirliyinə müraciət edir.

Yeni Qanun qüvvəyə mindikdən sonra hər hansı partiya dövlət qeydiyyatına alınmamışdır.

Yeni “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bu Qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiyalar Qanunun qüvvəyə mindiyi tarixdən 180 gün müddətində üzvlərinin sayının 5000-ə çatdırılması üçün tədbirlər görür və üzvlərinin reyestrini Ədliyyə Nazirliyinə təqdim edir. Ədliyyə Nazirliyi 30 gün müddətində reyestrin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır və çatışmazlıq aşkar edilməzsə bu barədə partiyaya məlumat verir. Məlumat daxil olduğu tarixdən 90 gün müddətində siyasi partiya nizamnaməsini və proqramını bu Qanunun tələblərinə uyğunlaşdırır, proqramı olmadığı halda onu qəbul edir və nizamnaməsində və proqramında edilmiş dəyişiklikləri, yaxud yeni nizamnaməni və proqramı Ədliyyə Nazirliyinə təqdim edir.

Azərbaycan Xalq Partiyasının sədrinin seçilməsi faktı dövlət qeydiyyatına alınmış və qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri partiyaya yazılı qaydada izah edilmişdir”.

Zaira Akifqızı

Globalinfo.az