Psixoloq Fatih Reşit Civelekoğlunun sosial şəbəkədə paylaşdığı və uşaqlara silahdan istifadə etməyi öyrətməyə çağırdığı video Türkiyədə müzakirələrə səbəb olub. Paylaşımda oğlan uşaqlarının silahdan istifadə bacarığına yiyələnməsinin vacibliyi vurğulanıb.
Globalinfo.az xəbər verir ki, məsələyə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi müdaxilə edib.
Nazirliyin açıqlamasında qeyd olunub ki, paylaşımda tüfəngin reklamı, uşaqlara silah istifadəsini öyrətməyi təşviq edən ifadələr və endirimli silah alışına yönləndirmələr müəyyən edilib.
Qurum ictimai asayişin və ümumi sağlamlığın qorunması məqsədilə 5651 saylı qanunun 8/A maddəsinə əsasən müvafiq məzmunun platformadan silinməsi və ona girişin məhdudlaşdırılması üçün müraciət edib. Nazirliyin müraciətindən sonra paylaşımın bloklanması barədə qərar qəbul edilib.
Qeyd edək ki, Civelekoğlu paylaşımında hər evdə ən azı tüfəng olmasının vacibliyi fikrini müdafiə edib. O, insanların silahdan istifadəni öyrənməli, bu bacarığı uşaqlarına da aşılamalı olduğunu deyib.
Psixoloq fikirlərini mümkün müharibə və ölkədaxili qarşıdurma ssenariləri ilə əsaslandırmağa çalışıb.