
Naxçıvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri səkkiz ünvanda təşkil olunacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, Agentlik bayram günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.
“Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat şəraitdə həyata keçirilməsi məqsədilə muxtar respublika üzrə səkkiz ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq ki, ondan dördü müasir tələblərə cavab verən, bütün zəruri avadanlıqlarla təchiz olunmuş səyyar heyvan kəsimi çadırlarıdır. Bunlardan altısında həm kəsim, həm satış, birində yalnız heyvan kəsimi xidmətləri, birində isə yalnız diri heyvanların satışı təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq.
Vətəndaşlar bayram günlərində saat 8:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər”.

Qeyd edək ki, cari ildə ölkə ərazisində Qurban bayramı iyunun 6-7 tarixlərində qeyd ediləcək.