“Müharibə vaxtı Naxçıvanda Rusiya helikopteri Vasif Talıbovun göstərişi ilə vurulmuşdu” – YENİ SENSASİON DETALLAR ÜZƏ ÇIXIR

Son zamanlar ölkə gündəminin əsas mövzularından biri Naxçıvan Muxtar Respublikasında baş verən proseslərdir. Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun barəsində yayılan söz-söhbətlər bitmək bilmir.

Mövzu ilə bağlı Globalinfo.az-a Ovqat.com saytının baş redaktoru, əslən Naxçıvandan olan tanınmış jurnalist Heydər Oğuz müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Heydər bəy, son günlər Vasif Talıbovla bağlı təsdiqlənməyən xəbərlər yayılır. Onun şəxsi təyyarəsini satdığı, daha sonra təyyarə ilə ölkədən çıxışının qarşısının alındığı, hətta Muxtar Respublikaya buraxılmadığı və s. bildirilir. Sizcə, hazırda Talıbov haradadır? Onun fəaliyyəti bloklanıbmı?

– Bildiyim qədəri ilə Vasif Talıbov dekabrın 12-dən Bakıdadır. Ayın 12-si mərhum prezident Heydər Əliyevin anım günü idi. Adətən həmin günü Talıbov Naxçıvanda Heydər Əliyevin heykəlinə baş çəkər, daha sonra Bakıya gəlib məzarını ziyarət edərdi. Amma bu dəfə fərqli oldu.

Bu məndə onun fəaliyyətinin məhdudlaşdırıldığı fikrini yaratdı. İndiyə qədər də Naxçıvana qayıtmayıb. Hətta şayiələr yaymışdılar ki, guya V.Talıbov ayın 14-ü Bakıya Prezident İlham Əliyevlə görüşməyə gəlib. Sirr deyil ki, ölkə başçısı həmin gün Türkmənistanda səfərdə idi. Bütün bunlar onu deməyə əsas verir ki, Naxçıvanda aparılan əməliyyatlar Talıbovun yeyintilərini üzə çıxarmaq üçündür.

Əməllərində cinayət tərkiblərinin çox olduğu üçün onun ağır maddələrlə həbsini gözləyirəm. Məsələn, Vasif Talıbovun PKK ilə, İranla əlaqəsi var və Naxçıvanı Azərbaycandan ayırmağa cəhd edirdi. Bunlar hamısı təsdiqlənmiş faktlardır.

Digər tərəfdən də, adam idarələrin adını dəyişib, Azərbaycan Respublikası sözünü oradan ayırmışdı, hərbi formalardan da Azərbaycan Respublikası yazısını çıxarmışdı. Hətta hərbi addımlar və geyimlər fərqli idi. Bütün bunlar sovet hakimiyyətindən qalma geyim və yürüş tərzi idi. Hər kəs bilir ki, Azərbaycan əsgəri NATO standartlarına uyğun yeriyir. Amma Naxçıvanda hərbçilər ruslar kimi addım atır. Ona görə də, əminliklə deyirəm, Talıbov Naxçıvanı Azərbaycandan ayırmağa çalışırdı. Bunun da bir adı var: Vətənə xəyanət! Ona Vətənə xəyanət maddəsi ilə də cinayət işi açılmalıdır.

– Naxçıvanın statusunun ləğvi çağırışları səslənir. Sizcə, bu, Azərbaycanın mənafelərinə, maraqlarına ziyan çağırış deyilmi? Muxtariyyət niyə ləğv edilsin?

– Əslində, Naxçıvan muxtar dövlət deyil. O vaxt ona görə Naxçıvana muxtariyyət verdilər ki, orada erməni və azərbaycanlılardan ibarət bir dövlət yaratsınlar. Naxçıvanla Azərbaycan xalqı arasında hansı fərqli xüsusiyyət var idi ki, ona muxtariyyət verilsin? Adətən, muxtariyyət dini və milli azlıqlara verilən bir hüquqdur. Bəlkə də digər etnik qrupların az olduğu yer məhz Naxçıvandır. Sovet hakimiyyətinin ilk quruluş illərində Naxçıvanın bəzi bölgələri ermənilər tərəfindən işğal olunmuşdu. Orada 10, ya 20 faiz ermənilər yaşayırdı. Onlar oranı işğal edib köçmüşdülər. Ona görə də, ora muxtariyyət statusu verməyi nəzərdə saxlamışdılar.

Demək olar ki, bu gün Naxçıvanda erməni yoxdur. Burada hansı statusdan söhbət gedə bilər? Bu nə beynəlxalq müqavilədə var, nə də Azərbaycan konstitusiyasına uyğundur. Naxçıvanın muxtar hüquqları ola bilməz. Bu, konstitusiyanın 7-ci maddəsinə ziddir. 7-ci maddə isə heç bir şəkildə dəyişdirilə bilməz. Hətta referenduma da çıxarıla bilməz. Belə olan halda hansı muxtar hüquqlardan danışa bilərik?

– Sizcə, Vasif Talıbovun aqibəti necə olacaq? Vəzifədən çıxarılacaq, yoxsa Eldar Mahmudov kimi qeyri-rəsmi dustaq ediləcək? Ola bilərmi ki, vəzifədə qalıb, işinə davam etsin?

– Vasif Talıbovun vəzifədə qalma kimi bir şansı yoxdur. Ali Məhkəmə onun 27 illik fəaliyyəti ilə bağlı artıq qərar verməlidir. Bu adam milyardlarla vəsait mənimsəyib. Hələ onlardan üçü üzə çıxıb. Bu üç nəfərdə isə yarım milyard vəsait hesablanıb. Halbuki o məbləğ yarım milyarddan da çoxdur. Araşdırılma aparılır hələ. Maliyyə yoxlamaları son üç illik dövrlə bağlıdır. Talıbov isə 27 ildir ki, büdcəni yeyib talayır. Bunu hesablasaq, görün nə qədər yeyinti olub. Üç strukturdan çıxan yarım milyarddırsa, görün, digərlərində nə qədərdir. Bunlar sadəcə yeyintilərdir. Hələ insanlardan zorla alınan pullar da var.

Orada söhbət 40 milyard, bəlkə də daha çox məbləğdən gedir. Biz Talıbovu Eldar Mahbudovla müqayisə edə bilmərik. Mahmudov da yeyinti etmişdi. Amma nə qədər yesə də, Talıbov qədər yeyə bilməzdi.

Vasif Talıbov Bakıda vəzifəyə gəlmək istəyən hər kəsdən də rüşvət alıb. Məndə olan məlumata görə, Naxçıvanın daxili işlər naziri var idi – Əhməd Əhmədov hansı ki, 2017-ci ildə onu işdən azad etdilər. Ondan vəzifəyə gəlməsi üçün 12 milyon manat pul almışdı.

Vasif Talıbovun oğurladığı, mənimsədiyi pulların həcmi bilinmir. Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyev birbaşa Talıbova işləyib.

– Bəs vəzifəyə gələn insanların Vasif Talıbovdan qorxma səbəbi nə olub ki, ona pul ödəyiblər?

– Vasif Talıbov “5-ci kolon”un ən mühüm adamı idi. Ona görə də Naxçıvandan Bakıya vəzifəyə göndərilən adamlarla bağlı qərarın qəbul olunmasına təsir etmək imkanları var idi. Ramiz Mehdiyevin özü belə 2017-2018-ci illərdən sonra Talıbovun önə çıxması üçün işlər aparırdı.

Qeyd edim ki, Rusiyanın sovet dönəmindən qalmış bir generalı 2018-ci ildə Naxçıvanda Talıbovla görüşüb. O görüşü Naxçıvan hakimiyyəti bu günə qədər gizlədir. Bu haqda Rusiya mətbuatı məlumat yaymışdı. Hətta tarix də qeyd etmişdilər. Yəqin ki, Talıbova təlimatlar vermək üçün gəlmişdi.

– Az öncə Vasif Talıbovun Vətənə xəyanət etdiyini dediniz. Sizcə, o, başqa nə kimi xəyanət edib?

– Müharibə vaxtı Vasif Talıbovun necə böyük xəyanət içinə girdiyini yaxşı bilirik. 9 noyabr 2020-ci ildə – müharibə rəsmən bitən gün – Naxçıvan-Ermənistan sərhədində Rusiya helikopterinin vurulması hadisəsi hər kəsin yadındadır. Rusiya məxsus Mi-24 hərbi helikopteri Vasif Talıbovun göstərişi ilə vurulmuşdu. Rusiya bunu bəhanə edərək Qarabağa girdi.

– Bəs o bəhanəni Talıbov niyə ruslara verdi?

– Bu, böyük sualdır. O zaman Azərbaycan tərəfi Rusiyadan o ana görə üzr də istəmişdi. Rusiya nəyə görə kim tərəfindən vurulduğunu tələb etmədi? Çünki onu vuran adam rusa qulluq edirdi. Məqsəd o idi ki, Rusiya gəlib otursun Qarabağda. Bütün bunlar onu deməyə əsas verir ki, Vasif Talıbov rusun adamıdır.

İndi şükür Allaha, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra geosiyasi vəziyyəti də dəyişdi. Ukraynada Rusiyanın ağır məğlubiyyətə uğraması istər-istəməz rusun müəyyən qədər bölgədən çəkilib getməsinə səbəb oldu və Rusiyanın avtoritar rejiminin çöküşü başladı.

Onun yeri bizim bölgədə yeni qüvvələr tərəfindən doldurulur. NATO-Qərb tandemi, Türkiyə, İsrail və sair artıq bizim bölgədə daha çox möhkəmlənib. Bu yeni qüvvələr də istər-istəməz köhnələri vurub sıradan çıxarır. Azərbaycan  Rusiyanın zəifləməsindən istifadə edib, içindəki ruspərəstləri yola salır. Naxçıvanda aparılan əməliyyatların başlıca səbəblərindən biri də budur.

– Milli Məclisdə deputat Zahid Oruc “Tərtər işi” ilə bağlı sensasion sayılacaq bir çıxış etdi. O, keçmiş baş prokuror Zakir Qaralovu, hərbi prokuror Xanlar Vəliyevi ittiham etdi. Sizcə, bu çıxışla, orda səsləndirilən fikirlərlə, Vasif Talıbovun çevrəsində həyata keçirilən əməliyyat arasında əlaqə varmı?

– Əlbəttə, var. Bilirsiniz ki, Rusiya postsovet ölkələrinin hamısında inzibati “mina”lar ərsəyə gətirib: 4 ölkənin tərkibində 9 Muxtar vilayət yaradıb. Bunları da ona görə yaradıb ki, sabah onlar Rusiyanın təsir dairəsindən çıxmaq istəyəndə həmin “bomba”ları partlada bilsin. Azərbaycanda da iki inzibati mina yaratmışdı: bunlardan biri Qarabağ, digəri isə Vasif Talıbovun 27 ildir hökm sürdüyü Naxçıvan Muxtar Respublikası. Qarabağda məsələni həll etdik, indi də keçirik Naxçıvana.

Hər kəs bilir ki, “Tərtər hadisələri” Azərbaycanın uğurlu siyasətinin məhvə uğradılması və gözümüzün qorxudulması üçün törədilmiş cinayətdir. Onun Naxçıvana da dəxli var.

Xatırladım ki, 44 günlük Vətən müharibəsi dövründə ermənilərlə müqavilə imzaladıq. O müqavilədə göstərilir ki, Zəngəzur dəhlizi açılsın. Bu vaxta qədər Vasif Talıbov o dəhliz haqda danışmayıb. Niyə? Çünki onun məqsədi Zəngəzur dəhlizinin açılması deyil. O öz krallığını qurub və hesab edir ki, Azərbaycan Qarabağda nə qədər məğlub olsa idi, bu da o qədər müstəqil qalardı. Biz Qarabağda erməni, Naxçıvanda isə PKK separatizminə qarşı vuruşuruq.

Zaira Akifqızı
Globalinfo.az