
İranda ali dini liderlə bağlı vəziyyət yenidən müzakirə mövzusuna çevrilib. Belə ki, “Nyu York Tayms” nəşrinin məlumatına görə, fevralın 28-də ailəsinin yaşadığı evin bombalanması nəticəsində ağır yaralanan Müctəba Xamenei hazırda ölkəni gizli sığınacaqdan idarə edir. Bildirilir ki, onun ayağı bir neçə dəfə əməliyyat olunub, üz nahiyəsində yanıq xəsarətləri var və protez gözləyir. Mənbəyə görə, onun müalicəsinə ixtisasca həkim olan İran Prezidenti Məsud Pezeşkian və səhiyyə naziri də cəlb edilib.
Xamenei ətrafında bu qeyri-müəyyənlik nə qədər davam edə bilər? Belə məchulluq İrana nə vəd edir?
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, nəşrin yaydığı bu tip məlumatlar təsdiqlənmədiyi üçün informasiya müharibəsinin elementi kimi qiymətləndirilir:
“İran kimi teokratik-siyasi sistemlərdə ali lider ətrafında qeyri-müəyyənlik uzun müddət süni şəkildə saxlanıla bilir, çünki informasiya axını ciddi nəzarət altındadır və qərarların kollegial mexanizmlərlə verilməsi görüntüsü yaradılır. Bu, sistemin sabitliyini qorumaq üçün istifadə olunan klassik “idarə olunan qeyri-müəyyənlik” modelidir. Yəni real vəziyyət nə olursa olsun, ictimaiyyətə və xarici aktorlara idarəolunan, parçalanmamış hakimiyyət təsviri verilir”.
Politoloq bildirib ki, belə məchulluq uzun müddətdə risklidir:
“Əgər həqiqətən liderlik zəncirində problem varsa, bu, elita daxilində fraksiya mübarizəsini dərinləşdirə, qərar qəbuletməni ləngidə və xarici siyasətdə qeyri-müəyyənlik yaradır. Xüsusilə İran kimi sistemdə legitimlik böyük ölçüdə dini-siyasi liderliyin simvolik gücünə bağlıdır. Bu simvol zəiflədikcə, həm daxildə etimad eroziyası baş verə, həm də xarici aktorlar bunu təzyiq fürsəti kimi istifadə edə bilər. Yəni qısa müddətdə idarə olunan qeyri-müəyyənlik sabitlik yaratsa da, uzandıqca sistem üçün struktur zəifliklər doğurur”.
Ləman İmran
Globalinfo.az