masin qar

Nəqliyyat təlimçisi Vaqif Rəhimovun sürücülərə müraciəti diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, o, qarlı hava şəraitində avtomobilin düzgün idarə olunması ilə bağlı sürücülərə bir sıra vacib tövsiyələr verib.

Vaqif Rəhimovun sözlərinə görə, qarlı yolda avtomobil idarəetməsi avtomobildən çox sürücüdən asılıdır.

Onun fikrincə, elə sürücülər var ki, heç bir ABS, ESP və digər sabitləşdirici sistemləri olmayan avtomobillə qarlı yolda rahat hərəkət edə bilirlər:

“Digər tərəfdən isə bütün elektron köməkçilərlə təchiz olunmuş avtomobillə belə qarlı yolda ilişib qalan sürücülər az deyil. Avtomobildə ABS sisteminin olması o demək deyil ki, bu avtomobil heç vaxt sürüşməyəcək. Hər il qar yağanda Yasamalın enişlərində bir-birinə çırpılan avtomobillərin hamısının ABS-i yox idimi? Qarlı yolda əsas həlledici amil elektron sistemlərdən daha çox sürücünün düzgün davranışıdır. Ən vacib məqam isə hərəkətlərin yumşaqlığıdır. Qarlı səthdə sərt hərəkətlər sürüşmə ilə nəticələnə bilər. Hərəkətə başlama, tormozlama və sükanın döndərilməsi maksimum yumşaq olmalıdır. Bundan əlavə, ara məsafəsi xüsusi əhəmiyyət daşıyır. Qarlı yollarda təhlükəsiz ara məsafəsi adi şəraitlə müqayisədə 2-3 dəfə artırılmalıdır”.

Təlimçi bildirib ki, yoxuşda ilişib qalmamaq üçün əvvəlcədən uyğun sürət yığmaq və yoxuş boyu bu sürəti stabil saxlamağa çalışmaq lazımdır:

“Qaza sərt basmaq olmaz. Əgər təkərlərin yol ilə təmasını itirdiyini hiss edirsinizsə, qazı artırmaq əvəzinə, ayağı azca qazdan çəkmək daha doğrudur. Bu, təkərlərin yenidən yol ilə ilişməsinə kömək edir. Bəzən yoxuş döngədən dərhal sonra başlayır. Belə hallarda əvvəlcədən sürət yığmaq mümkün olmur, çünki döngəyə yüksək sürətlə daxil olmaq təhlükəlidir. Bu vəziyyətdə, təkərlər yol ilə təmasdadırsa, qaza ehtiyatla və tədricən təzyiq edərək sürəti artırmağa çalışmaq lazımdır. Bu prosesi yoxuşun aşağı hissəsindən başlamaq məqsədəuyğundur, çünki yoxuş boyu avtomobilin dartma gücü, sürəti və ətaləti tədricən azalacaq. Əgər avtomobilin sürəti getdikcə azalırsa, sürəti artırmaq mümkün olmursa və yoxuşda ilişib qalacağınızı hiss edirsinizsə, ən düzgün qərar qəza işıqlarını yandıraraq mövcud sürəti avtomobili yolun kənarına çəkməyə sərf etməkdir. Bu, həm özünüzü, həm də arxadan gələn nəqliyyat vasitələrini riskdən qoruyacaq”.

Vaqif Rəhimov deyib ki, qarlı yolda enişlə hərəkət edərkən mühərrik tormozundan istifadə etmək tövsiyə olunur:

“Əyləci əvvəlcədən və son dərəcə yumşaq basmaq lazımdır. Enişdə tormozun sərt basılması idarəetmənin itirilməsinə səbəb ola bilər. Elə hallar olur ki, sürücü tormozu qəfil sıxır, təkərlər bloklanır və avtomobil sürüşməyə başlayır. Bu zaman təcrübəsiz sürücü tormozu daha da bərk sıxaraq avtomobilin dayanacağına ümid edir. Halbuki, paradoksal görünsə də, belə vəziyyətdə ayağı bir qədər tormozdan çəkmək lazımdır ki, təkərlər yenidən fırlansın və yol ilə təmas bərpa olunsun. Daha sonra yumşaq tormozlama və sakit sükan hərəkətləri ilə avtomobili idarə olunan vəziyyətə qaytarmaq mümkündür. Əks halda, avtomobil bloklanmış təkərlərlə yalnız nəyəsə çırpılaraq dayana bilər”.

Təlimçinin sözlərinə görə, qış qəzalarının əsas səbəblərindən biri sürücünün aldadıcı arxayınlığı və öz bacarığını olduğundan artıq qiymətləndirməsidir:

“Bəzi sürücülər qarşıdakı avtomobillərin ehtiyatla hərəkət etdiyini görüb onları “sürünür” hesab edir və onları ötməyə cəhd edirlər. Halbuki qarlı yolda əsas üstünlük sürətdə deyil, səbirdə və məsuliyyətdədir. Bir sözlə, adi şəraitdə nə qədər tələskən olmağınızdan asılı olmayaraq, qarlı yolda mütləq səbirli olmalısınız”.

Leyla Əlisoy
Globalinfo.az

Paylaş: